Bəlkə də bu gün bir çox insanın həyatda olmasına səbəb keçmiş dövrlərdə insanlar üzərində aparılan vaksinasiya prosesidir. Məlumdur ki, tarix boyu bir çox xəstəliklər milyonlarla insanın ölümünə səbəb olub. Bu cür xəstəlikləri əksərən peyvənd vasitəsilə nəzarətə götürmək mümkün olub.
AZXEBER.COM tarix boyu ağır xəstəliklərin qarşısının alınmasında istifadə olunan vaksinlər haqqında araşdırma edib.
Tarixdə ilk kəşf edilən peyvənd çiçək peyvəndi olub. Onun ortaya çıxması uzun illər öncəyə gedib çıxır. Antik yunan tarixçilərindən biri Tucidides öz yazılarında xəstəlik haqqında məlumat versə də, vaksin barədə bir şey yazmayıb.
Peyvənd istifadəsinə dair ilk yazılı qeydlər 15-ci əsrdə çinlilər tərəfindən tətbiq olunan "Variolasyon” texnikasına aiddir. Variola çiçək xəstəliyinə səbəb olan virusun adıdır. Variolasyon Edvard Jennerin 1789-cu ildə müasir çiçək peyvəndi hazırlayana qədər bilinən yeganə peyvənd idi. Louis Pasteur 100 il sonra infeksion xəstəliklərin mənbəyinin mikroblar olduğunu kəşf edərək insanlığa ən böyük xidmətlərindən birini etmiş oldu. Beləliklə, peyvənd istifadəsi variolasyon adlanan bu böyük tapıntı ilə başlayır və ölümcül xəstəlikləri nəzarətə götürmək üçün ən yaxşı vasitə olur.
1892-ci ildə Laffnike adlı tədqiqatçı vəba peyvəndi, 1896-cı ildə Wright tifo peyvəndini hazırladı. Vərəm peyvəndi Calmette və Guerin tərəfindən 1921-ci ildə, tetanus peyvəndi isə 1927-ci ildə Ramon və Zoeller tərəfindən istehsal edilmişdir.
Peyvəndlənmədən öncə ölümcül xəstəliklər dünya ölkələrində milyonlarla insanın ölümünə səbəb olub. 1346-1352-ci illərdə vəba epidemiyası Avropa əhalisinin dörddə birinin ölümünə səbəb olub. 1618-ci ildə Meksikanın İnka bölgəsinin əhalisi çiçək xəstəliyi səbəbilə 1.6 milyona düşdü. 1880-ci illərdə Kanadada hər yüz yerli insandan 9-u vərəm xəstəsi olub.
Birinci Dünya Müharibəsindən sonra isə ispan qripi bütün dünya cənginə almışdı.
1918-20-ci illər aralığında baş vermiş pandemiya o dövrdə 2 milyarddan az olan dünya əhalisinin üçdə birinə yoluxmuş və təxminən 20-50 milyon arası adamın ölümünə səbəb olmuşdu.
Asiya qripi - 1957-ci ildə yayılan Asiya qripi 4 milyona yaxın insanın həyatına son qoyub. Elə həmin il ərzində vaksini tapılıb və pandemiyanın qarşısı alınıb. Bir il ərzində 40 milyon insan vaksin olundu.
COVİD-19 100 il əvvəlki "ispan qripi"nin tarixdəki önəmini bizə yenidən xatırlatdı.
Hazırda 1 ildən çoxdur ki, dünyada koronavirus (COVİD-19) pandemiyası tüğyan edir. Milyonlarla insan bu virusun qurbanı olub. Statistikaya görə ən çox yoluxma və ölüm halları ABŞ-da qeydə alınıb. Virusun qarşısının alınması üçün artıq bir çox peyvəndlər hazırlanıb və istifadəsinə başlanılıb.
Azərbaycan da bu prosesdən kənarda qalmır. Ölkədə peyvəndlənmə prosesi yüksək sürətlə aparılır. Azərbaycanda Çinin "Sinovac Biotech" şirkətinin istehsalı olan "CoronaVac” vaksinindən istifadə olunur. Hazırda bu, koronavirus üçün ən effektli vaksin hesab olunur.
Mütəxəssislərin dediyinə görə, vaksinasiya prosesinin ölkə əhalisinin 80 faizini əhatə etdikdən sonra virus tam nəzarətə götürüləcək. Ona görə də könüllü şəkildə aparılan bu prosesə hər bir vətəndaşın cəlb olunması vacibdir.
Aydın Nuri
AZXEBER.COM
Aydın Nuri
AZXEBER.COM