Valeriy Meladze Bakıda konsert verəcək

MAQAZİN
14:05 30.07.2013
1879

Rusiya estradasının “sonuncu romantiki” Valeriy Meladze Bakıda konsert verəcək.

AZXEBER.COM-un məlumatına görə, geniş səs diapazonuna, qeyri-adi tembrə, özünəməxsus ifaçılıq qabiliyyətinə malik Valeriy Meladze Rusiya estradasında ən populyar ifaçıların onluğuna daxil olan sənətçilərdəndir. Artıq 20 ilə yaxın müddətdir ki, səhnədə olan Valeriy Meladzeni “Rusiya estradasının sonuncu romantiki” adlandırırlar. Valeriy Meladze Rusiya estradasında öz üslubu, tərzi olan, dəbli qlamurun arxasınca qaçmayan az sayda sənətçilərdəndir. Onun ifa etdiyi bütün mahnıların müəllifi qardaşı, prodüseri, bəstəkar-müğənni Konstantin Meladzedir. İncə zövqü, musiqi duyumu, mükəmməl musiqi təhsili olan iki qardaşın yaratdığı bütün mahnılar xitə çevrilir. Meladzenin mahnıları heç vaxt köhnəlmir.

Onun hələ 90-cı illərdə ifa etdiyi mahnılar bu gün də sevilir və həvəslə dinlənilir. Səhnədə və həyatda romantik, temperamentli sənətçi obrazını yaradan və uzun illər boyu yaşadan V.Meladze hər yeni işi ilə sübut edir ki, skandala, ucuz reklama, primitivliyə enmədən də publikanın rəğbətini qazanmaq və çartların zirvəsində qalmaq olar. Onun yaradıcılığında stabilliklə yeniliyin vəhdəti var. Öz üslubuna, ifa tərzinə, prioritetlərinə sadiq qalan V.Meladze eksperimentlərdən, gözlənilməz addımlardan da çəkinmir. Ona görə də dedi-qodulara, skandallara, sarı mətbuatın oyunlarına qoşulmayan, planları haqqında danışmağı sevməyən V.Meladzenin hər yeni mahnısı Rusiya estradasında hadisə kimi qəbul edilir və publikanın böyük marağını qazanır. 7 uğurlu albom, 20-dən artıq videoklip, Rusiyada və xarici ölkələrdə keçirilən minlərlə konsert Valeriy Meladzenin yaradıcılığına olan tamaşaçı sevgisinin miqyası haqqında təsəvvür yaratmağa imkan verir. Valeriy Meladze, demək olar ki, bütün milli musiqi mükafatlarını qazanıb.

“Ən yaxşı ifaçı” və “Ən yaxşı duet” nominasiyaları üzrə MUZ TV–nin mükafatı, “Ən yaxşı mahnı” nominasiyası üzrə MTV Rusiya Musiqi Mükafatı (“MTV Russia Music Awards”) kimi önəmli mükafatlara layiq görülüb. Rusiyanın Əməkdar Artisti fəxri adı ilə təltif olunub. Valeriy Meladzenin konserti 19 noyabr 2013-cü il tarixində Heydər Əliyev adına sarayda baş tutacaq. “20 məhəbbət hekayəsi” adlı yeni konsert proqramına müğənninin ən məşhur mahnıları və yeni kompozisiyaları daxildir. Valeriy Meladzenin Bakı konsertinin biletlərini artıq şəhərin bütün mərkəzləşdirilmiş kassalarından əldə edə bilərsiniz. Biletləri online şəkildə sifariş etmək də mümkündür.

OXŞAR XƏBƏRLƏR