Azərbaycanda ailə daxilində əmlak bölgüsü və vərəsəlik məsələləri zaman-zaman mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən övladlarından birini mirasdan məhrum etmək, əmlaklarını isə digər övladlarına və ya başqa şəxslərə vəsiyyət etmək istəyirlər.
Bəs qanunvericilik buna imkan verirmi? Valideyn övladını mirasdan tamamilə məhrum edə bilərmi?
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, şəxs öz əmlakını vəsiyyətnamə vasitəsilə istədiyi şəxsə vəsiyyət edə bilər.
Məcəllənin 1176-cı maddəsinə görə, vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum etmək hüququna malikdir. Bunun üçün qərarının səbəbini izah etməsi tələb olunmur.
Lakin qanunvericilikdə bu hüquqa müəyyən məhdudiyyətlər də nəzərdə tutulub.
Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəfat edən şəxsin uşaqları, valideynləri və həyat yoldaşı vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi pay almaq hüququna malikdirlər. Həmin pay qanun üzrə vərəsəlik zamanı onlara çatacaq hissənin yarısını təşkil edir.
Bu isə o deməkdir ki, valideyn vəsiyyətnamədə övladına heç bir əmlak qoymadığını göstərsə belə, övlad qanunla müəyyən edilmiş məcburi payını tələb edə bilər.
Bununla yanaşı, qanunvericilik müəyyən hallarda şəxsin məcburi pay almaq hüququndan da məhrum edilməsinə imkan verir. Mülki Məcəllənin 1203-cü maddəsinə əsasən, bunun üçün vərəsəlik hüququndan məhrumetməyə səbəb olan qanuni əsaslar mövcud olmalı və məsələ məhkəmə qaydasında həll edilməlidir.
Beləliklə, valideynin övladını vəsiyyətnamə ilə mirasdan məhrum etmək hüququ olsa da, bu, bütün hallarda övladın mirasdan pay almaq imkanının tamamilə aradan qalxması demək deyil.
Şahanə Ziyad











































