Valideynlərin nəzərinə: Övladlarınızı bu platformalardan qoruyun

Valideynlərin nəzərinə: Övladlarınızı bu platformalardan qoruyun
SOSİAL
14:53 03.12.2025
526
Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonunda 13 yaşlı yeniyetmənin iştirakı ilə baş verən bədbəxt hadisə araşdırılır.

Hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb. Yeniyetmə axşam saatlarında ailə üzvləri tərəfindən mənzildə aşkarlanıb və faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb. Ailənin bildirdiyinə görə, yeniyetmənin telefonunda psixoloji cəhətdən mənfi təsir göstərə biləcək materialların izlənməsi müəyyən olunub. Valideynlər həmçinin hadisənin populyar təhlükəli internet oyunları və zərərli kontentlə əlaqəsinin araşdırıldığını qeyd ediblər. Eyni zamanda, bəzi iddialara görə, hadisənin "Mavi Balina” adlı təhlükəli onlayn oyunla bağlı ola biləcəyi də söylənilir.

Azərbaycanda bu cür hadisələr geniş yayılmasa da, ara-sıra rast gəlinir. Bəs bu halların qarşısını almağın yolu nədir?

Kriminalist Şəmsəddin Əliyev AZXEBEBER.COM-a açıqlamasında bildirib ki, rayon prokurorluğu tərəfindən aparılacaq işin istintaqı cinayət prosesual maddəsinin tələblərinə uyğun araşdırılacaq:

"Ola bilsin ki, bu intihara başqa səbəblər, şərait mövcud olub. Təbii ki, o incəliklər prokurorluq tərəfindən tam ortaya qoyulacaq və ona hüquqi qiymət veriləcək. Digər tərəfdən son zamanlar telefonlarda "TikTok” videoları və digər vahimə yaradan videolar, yeniyetmələri yoldan azdıra bilən, şüuruna təsir edə bilən, onları yanlış yola yönəldə bilən şəkildə yayılan şəkillər və kiçik filmlər var. Bunların qarşısını almaq çox təəssüf ki, çətin olur. Burada bir az ailənin də rolu danılmazdır. Çünki valideyn müəyyən mənada övladlarına telefonlardan istifadə etmə qaydalarını öyrətməli və yaxud da müəyyən qədər "TikToK”, "Vhatsapp” olan telefonlardan ümumiyyətlə istifadə etməyi qadağa etməlidir. Həmin yeniyetmə ola bilsin, doğrudan da telefonda baxdığı  görüntülərlə öz həyatının sonunu planlaşdırıb”.

Kriminalist qeyd edib ki, əvvəllər belə filmlərin nümayişi, serialların geniş şəkildə miqyasının artırılmasında məhdudiyyətlər olunurdu:

"Əvvəllər belə filmlərin nümayişi, serialların geniş şəkildə miqyasının artırılmasında məhdudiyyətlər olunurdu. Filmlər tamamilə mənəvi dəyərlərə uyğun, cəmiyyətin mədəniyyətinin ideya səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilirdi. Hansı filmlərə uşaqları buraxmaq olar və ya hansının cəmiyyət üçün arzuolunmaz nəticə gətirib çıxaracağı barədə qərar verirdilər. Amma indi bizim seriallarda məişət zorakılıqlarına çağırış var. Milli-mənəvi dəyərlərimizə ciddi zidd olan, uşaqlar üçün vahimə doğuracaq seriallar televiziyalarda verilir”. 

Ş. Əliyev bildirib ki, bəzi insanlar var ki, öz həyatlarını idarə edə bilmirlər:

"Ümumiyyətlə bəzi insanlar var ki, öz həyatlarını idarə edə bilmirlər, çətinlik çəkirlər. Belə filmlərə baxanda, sanki onlar üçün çağırış və təşviq olur. Sözügedən məsələnin belə hadisələrlər bağlı olması istisna deyil. Amma tam qərar vermək olmaz. Burada prokurorluğun qəti qərarı lazım olacaq”.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, tanınmış psixoloq Elnur Rüstəmov isə AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, Binəqədi rayonunda baş verən bu bədbəxt hadisə bütün cəmiyyət üçün bir siqnaldır: 

"Binəqədi rayonunda baş verən bu bədxət hadisə bütün cəmiyyət üçün çox ağır və dərindən narahatlıq doğuran bir siqnaldır. Burada məsələ təkcə bir yeniyetmənin faciəvi şəkildə həyatını itirməsi deyil. Bu hadisə ailə münasibətləri, uşaq və yeniyetməlik dövründəki psixoloji dəyişikliklər, sosial mediada nəzarətsiz kontentə çıxış və valideyn-övlad ünsiyyətindəki boşluqlar barədə ciddi suallar ortaya qoyur. Ailəninin açıqlamasında qeyd olunan detallar, gecələr təkbaşına qorxulu videolara baxması, dəftərində qaranlıq təsvirlər çəkməsi və "Mavi Balina” kimi təhlükəli oyunlarla əlaqələndirilməsi əslində bir çox yeniyetmələrdə rast gəlinən, lakin vaxtında aşkar edilmədiyi üçün böyüyən psixoloji gərginliklərin göstəricisidir”.


Psixoloq deyib ki, bu cür davranışlar təkbaşına "oyun”, "cin-şeytan videoları” və ya "mistik təsirlər” kimi şərhlərlə izah edilmir:

"Bu cür davranışlar təkbaşına "oyun”, "cin-şeytan videoları” və ya "mistik təsirlər” kimi şərhlərlə izah edilmir. Bunlar yeniyetmənin emosional vəziyyətində, özünütənzimləmə bacarıqlarında, ailədaxili ünsiyyətdə və psixoloji dayanıqlığında yaranmış dərin boşluqların nəticəsidir. Bu yaş dövründə uşaqlar həm öz kimliyini axtarır, həm də emosional olaraq daha kövrək olurlar. Qorxulu videolara, qaranlıq kontentə, ekstremal oyunlara maraq isə çox zaman onların iç aləmlərindəki narahatlığın, diqqət ehtiyacının, mənəvi boşluğun kompensasiyası kimi özünü göstərir. Bu hallar valideyn üçün "gecikmiş xəbərdarlıq siqnalı” olur”.

E.Rüstəmov bildirib ki, valideynlər övladlarının psixoloji sağlamlığına diqqət yetirmir:

"Cəmiyyətimizdə hələ də valideynlərin böyük qismi övladın fiziki sağlamlığına son dərəcə həssas yanaşsa da, psixoloji sağlamlığına eyni diqqəti göstərmir. Halbuki hər bir yeniyetmənin psixoloji vəziyyətini vaxtında dəyərləndirmək üçün bu gün ölkəmizdə kifayət qədər peşəkar metodikalar, elmi psixoloji testlər, cihazlar, diaqnostik alətlər mövcuddur. Onların tətbiqi uşağın davranışında, emosional vəziyyətində, özünə münasibətində və stress səviyyəsində olan dəyişiklikləri erkən mərhələdə müəyyən etməyə imkan verir. Psixoloji sağlamlığa biganə yanaşmaq artıq lüks deyil, ciddi risk faktorudur. Uşaq gündəlik həyatında sakit görünə bilər, dərslərinə davam edə bilər, lakin içində yaşadığı narahatlığı, qorxuları və ya depressiv düşüncələri valideyn müəyyən edə bilməz”.

Psixoloq əlavə edib ki, peşəkar psixoloji qiymətləndirmələr isə məhz bu görünməyən hissələri aşkara çıxarır:

"Bu hadisə də göstərir ki, valideyn övladının telefonuna, sosial media istifadəsinə, gecə oyaq qalma vərdişlərinə nəzarət etməklə yanaşı, onun daxili dünyasına, emosional gərginliyinə, özünüifadə tərzinə, həssas davranışlarına da diqqət etməlidir. Valideyn-övlad münasibətində ünsiyyət çatışmazlığı, emosional soyuqluq, "uşaq sakitdir, problem yoxdur” düşüncəsi çox zaman ciddi nəticələrə gətirib çıxarır. Ona görə də bu hadisəyə yalnız "Mavi Balina”, "qorxulu kontent” və ya mistik izahlarla deyil, ailə mühiti, psixoloji vəziyyət, sosial media təhlükələrinin birlikdə yaratdığı risklər prizmasından baxmaq lazımdır. Hər bir valideyn anlamalıdır ki, övladın psixoloji sağlamlığı ən az fiziki sağlamlığı qədər önəmlidir və bu sahəyə vaxtında, sistemli yanaşma çox böyük fəsadların qarşısını ala bilər”.

Şahanə Ziyad
 
Yazı Medianın İnkişafı Agentliyinin "uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusunda dərc edilib.
 

 



 

OXŞAR XƏBƏRLƏR