"Təbii ki, bu, İranın daxili və xarici siyasətində baş verən hadisələrdir. Bu, birinci hal deyil, istər Zəngəzur dəhlizinə, istərsə də regionda baş verən bir sıra islahatlara bu ölkə həmişə neqativ münasibət göstərir".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev Vaşinqton görüşündən sonra İran rəsmilərinin təşvişə düşərək müxtəlif açıqlamalar verməsinə münasibət bildirərkən deyib.
Parlamentari qeyd edib ki, İran fikirləşir ki, Zəngəzur dəhlizi ABŞ-nin nəzərətinə keçsə, onun sərhədlərində NATO qoşumlarının cəmləşməsi baş verə bilər:
"Əsasən iqtisadi, siyasi və hərbi baxımdan İran çalışır ki, özünün siyasətini regionda həyata keçirsin və hər hansı həyata keçirilən islahat onunla razılaşdırılsın. Azərbaycan öz müstəqil xarici və daxili siyasətini həyata keçirməklə sübut edir ki, heç bir kənar təsir elə bir qüvvəyə malik deyil ki, bu yoldan bizi döndərsin. Əsas məqam da odur ki, İran hərbi baxımdan fikirləşir ki, Zəngəzur dəhlizi əgər ABŞ-nin nəzərətinə keçsə və ya onlar tərəfindən bir sıra mühafizə qurumlarına həvalə olunsa, onun sərhədlərində NATO qoşunlarının cəmləşməsi baş verə bilər. Lakin burada da baxmayaraq ki, Azərbaycan-İran sərhədində əvvəllər hansı qoşunlar dururdu, o boz zonalar var idi. Bu gün artıq hətta Ermənistan-Azərbaycan sərhədində NATO-nun vizual kəşfiyyatçıları durur. NATO deyəndə bir sıra Avropa dövlətlərinin. Bu, hərbi baxımdan gətirilən bir bəhanədir".
Deputat əlavə edib ki, İran hər vəchlə çalışır ki, Zəngəzur dəhlizi istifadəyə verilməsin:
"Digər məsələ isə odur ki, onlar iqtisadi baxımdan çalışırlar ki, bütün proseslər İran ərazisindən keçsin, logistik daşımalar və digərləri. İran bu məsələdə çalışır ki, Zəngəzur dəhlizi istifadəyə verilməsin. Çünki bütün yüklər Zəngəzur dəhlizindən keçdikdən sonra, eyni zamanda avtomobil nəqliyyatı, dəmir yolu nəqliyyatı oradan hərəkət etdikdən sonra, İran artıq nə Azərbaycandan gələn yükləri, eyni zamanda sərnişin daşımalarını Naxçıvana keçmək üçün həyata keçirə bilməyəcək. Siyasi baxımdan da Ermənistana həmrəylik göstərməyə çalışır və çalışır ki, daim Ermənistana öz təsirini, təzyiqini artırsın. Ona görə də ən yüksək səviyyədə İran rəhbərliyinin verdiyi bəyanatlar, düşünürəm ki, tək qorxu deyil, burada nəyin bahasına olur-olsun, öz maraqlarını həyata keçirməkdən ibarətdir. Artıq regional siyasətlər qlobal siyasətə çevrilir və əgər İran müəyyən qədər narazılıq göstərsə də, paralel olaraq nüvə problemləri ilə bağlı artıq Vaşinqtonla danışığa getməyə hazırlaşır. Ümumən desək, bu proseslər öz yoluna düşəcəkdir. Azərbaycanın apardığı müstəqil daxili və xarici siyasət öz töhfəsini verəcəkdir".
Mikayıl Mirzəzadə