"...və nöqtə" təkəbbürünə, "...və nida" iradəsi - Dilçiliklə başlayan qələbə

"...və nöqtə" təkəbbürünə, "...və nida" iradəsi - Dilçiliklə başlayan qələbə
SİYASƏT
14:16 08.11.2025
583
 Əfsələddin Ağalarov

Paşinyan həmin gün bərk keflənmişdi. Şuşada – Cıdır düzündə dövrə vura-vura "Qarabağ Ermənistandır və nöqtə” deyib köks ötürdü. Özü də, Anna xanım da, erməni xalqı da o günü çətin unudar.

Hər şey elə o keflənmənin, o yallının və ən əsası "…və nöqtə”nin şişinə keçdi.

İlham Əliyev bu sözdən tam tamına 66 gün sonra Soçidə – Valday Beynəlxalq Müzakirə Klubunun iclasında "Qarabağ Azərbaycandır və nida işarəsi!” deyib cavabını göndərdi.
"…və nöqtə” ilə "…və nida”nın savaşı o gün başladı.

Əzəldən – dil insanda zühur edən zamandan bəlli həqiqətdir: adamlar dalaşanda da belədir, qucaqlaşanda da. Birinci sözlər çəkişir, edələşir, güləşir, sonra muskullar. Sözsüz savaş qaşıqsız dondurma, qurudulmuş kabab, şəkərsiz kompot kimidir.
Elə "…və nöqtə” ilə "…və nida”nın savaşı həm də sözün savaşı idi.
Bəs, hansı güclü idi? Nöqtəmi, nidamı? Hansı daha qəzəbli və qətiyyətli idi? Nöqtəmi, nidamı?

Arayış

"…və nöqtə”

– Nikol "məsələ qapanıb” tonunda bu ifadəni işlədərək daha çox müstəbid və ya yekəxana bəyanat effekti yaratdı, əks fikrə, mübahisəyə yer qoymadığını bildirdi. Burada emosional qürurdan söhbət gedə bilməzdi. Dil və üslub konkret və təkəbbürlü idi.

"…və nida”

– Əliyev güclü emosional vurğunu, xalqın iradəsi və tarixi inamı qaytardı. Bu təkcə cavab deyildi — 50 milyon azərbaycanlı üçün həm də rəmzi dönüş nöqtəsi idi: passiv müdafiə mövqeyindən fəal, inamlı mövqeyə keçidin ifadəsi. "Qalx”, "Düzlən”, "Sağa dön” və "Marş”ın daha konkret versiyası.
Bu gün Azərbaycan dilinin təmizliyi, saflığı və işləkliyi təhdid altındadır, təxribata qurban gedir deyəndə bu nəzərdə tutulur.
Günlərdir müzakirə edilən, danışılan mövzu buradadır.

İlham Əliyev xarici dildə təhsil alsa da, Azərbaycan dilinin təsir gücünü böyük ustalıqla bilirmiş. Elə o dilin gücü, vurğusu və inamı ilə "…və nöqtə”yə "…və nida” deyərək ilk raundun "qonq” səsini çınlatdı.

Deməli, ən böyük dilçi elə onun özüdür.
Birdəki, dil təkcə ünsiyyət vasitəsi deyil, inqilabdır, savaşın "qonq” səsidir.

Əlbəttə, fundamental dayağı 50 milyonluq xalq olan bir dili birdən-birə zəiflətmək olmaz. Amma dibini eşə-eşə, ətrafına "mina” döşəyə-döşəyə mənasızlaşdırmaq, gülünc vəziyyətə salmaq olar. Ki, bu da edilir.

Məsələn, dilçi alimlər "rozetka”ya "elektrik yuvası”, "ventilyator”a da "hava dövran etdirən” deyəndə bir anlıq düşünmək lazımdır. Axı kim gündəlik həyatda "hava dövran etdirən” sözünü işlədər? Deməli, məqsəd dili gülünc duruma salmaq yox, əksinə, güclü və təsirli hala gətirmək olmalıdır.

Suallar çoxdur, cavablar isə hələ də gizli və görünməzdir.
 

OXŞAR XƏBƏRLƏR