Vəfanın erotik səhnəsinin pərdəarxası məqamları

MƏDƏNİYYƏT
14:40 07.08.2013
34971

Son günlər sosial şəbəkələrdə və mətbuatda hər kəs aktrisa Vəfa Zeynalovanın “erotik” kadrlarından danışır. Əslində, 21-ci əsrdə, demək olar ki, hər bir şeyin açıq və aydın olduğu bir zamanda bu görüntülərə erotik kadr demək çox gülünc və absurd görünür. Maraqlıdır ki, filmin adını, məğzini, rejissorunun, ssenaristinin kimliyini bilməyən insanlar yalnız Vəfa Zeynalovadan danışır.

Bir səhnə qədər effekt  verməyən film

Hər şey gənc aktirsa Vəfa Zeynalovanın rejissor Yavər Rzayevin "İlahi məxluq" filminə çəkilməsiylə başlanıb. Filmdə erotik səhnənin olması xəbəri isə Azərbaycan mətbuatına bomba kimi düşüb və gündəmi dəyişib. Kadrları görməyən, söhbətin nədən getdiyini bilməyən "mentalitet keşikçiləri" isə həmin an xanım aktrisaya “hücum” etməyə başlayıblar.Sənətdən anlayışı olmayan, tinlərdə təsbeh fırladanlar sosial şəbəkələrdə “yaxşı qız, elə filmə çəkilməz” deyə şərhlər yazıblar. Bu şəxslərin tənqidindən, hər yerindən duranın commentindən təngə gələn aktrisa onlara belə cavab verib: “Mən aktrisayam - mənim vəzifəm rejissorun quyduğu tapşırığı yerinə yetirmək və qəhrəmanımın xarakterini açmaqdır. Əgər rejissorun düşüncəsinə görə hansısa səhnəni çəkmək vacibdirsə, çəkilməliyəm. Burada kriminal heç nə yoxdur"..

“Filmi çəkib, geri çəkilən rejissor” Rejissordan söz düşmüşkən bir daha qeyd edək ki, filmin rejissoru, əməkdar incəsənət xadimiYavər Rzayevdir. Maraqlıdır ki, bu günə qədər filmlə bağlı bütün zərbələr, tənqidlər, hətta təhqirlər Vəfa Zeynalovaya gəlib.Filmin rejissoru özünü ofsaydda saxlayıb, bu günə qədər çəkdiyi film haqda bir cümlə də deməyib. Belə olan məqamda əməkdar incəsənət xadiminin nəyə görə belə addım atması maraq doğurur? Kiçik araşdırmamız nəticəsində məlum oldu ki, "İlahi məxluq" filmi festival üçün çəkilib və festivala qədər onun haradasa yayımlanmasına icazə yoxdur. Belə olan halda sual doğur: Görəsən, bu kadrları mətbuata ötürən kimdir? Çox güman ki,rejissor özü bilərəkdən Vəfanı önə çıxarıb və Azərbaycan ictimaiyyətinin həssas nöqtəsinə toxunub. Çünki faktdır ki, cəmiyyət bu tip məsələlərə çox radikal yanaşır və həmin an sənət adamlarına atəşə tutur. Əslində, rejissorun bu cür PR qurması uğurlu sayıla bilər, ancaq xanımı önə verib, özünün isə kənarda durması heç də etik deyil. Bir növ Yavər Rzayev Vəfanı qurban verərərək, öz filminə maraq artırır. Bu isə bir rejissora heç də başucalığı gətirən hal deyil.

Xalq artisti Nurəddin Mehdixanlı niyə tənqid olunmur?

Onu da qeyd edək ki, filmin baş rol ifaçısı heç də bütün günü tənqid, hətta təhqir olunan Vəfa Zeynalova deyil. "İlahi məxluq" filminin baş rol ifaçısı Azərbaycanın xalq artisti Nurəddin Mehdixanlıdır. Nurəddin bəy həmin erotik səhnədə də yer alıb və ən az Vəfa qədər o da tənqid olunmağı haqq edib. Ancaq maraqlıdır ki, heç kim xalq artistini bu səhnəyə görə tənqid etmir, hər kəs xanım aktrisanı hədəfə gətirib. Xalq artisti “Vəfa Zeynalova ilə olan erotik kadrlar neçə dubla çəkilib” sualına “filmin ayrı-ayrı kadrları haqda danışmaq istəmirəm” deyərək cavab verib: “O kadr haqda danışmaq istəmirəm. Bu gün Azərbaycanda xalqımızın taleyi ilə bağlı kifayət qədər ciddi məsələlər var. O məsələlər müzakirə olunmalıdır. “İlahi məxluq” filmini hədəf almaq lazım deyil”.

Nurəddin Mehdixanlının açıqlamasından da görünür ki, o da rejissor kimi Vəfanı müdafiə etmək fikrindən uzaqdır. Bir sözlə, əməkdar incəsənət xadimi və xalq artisti sinələrini kənara çəkib, gənc xanımı isə önə veriblər. Əslində, isə bu məsələdə ən az günahı olan şəxs elə Vəfa Zeynalovadır. Çünki nə filmin ssenarisini o yazıb, nə rejissor odur, nə də filmin baş rol ifaçısıdır. Vəfa sadəcə qadın olduğuna görə mentalitet keşikçilərinin hücumuna məruz qalıb, sənətdən anlayışı olan rejissor və xalq artisti isə onu müdafiə edib, özlərini də hədəfə gətirmək istəmirlər.

Azərbaycan filmlərində erotik səhnələr

Çox maraqlıdır ki, Azərbaycan filmlərində erotik səhnələr hələ Sovet dövründə olub. Qapalı mühit və senzuranın mövcud olduğu zamanda bu gün Azərbaycanın ən sayılıb-seçilən aktrisaları həmin erotik səhnələrə çəkiliblər. “Babək” filmində xalq artisti Amaliya Pənahova həmkarı Rasim Balayevin epizodu, “Bəxt üzüyü” filmində “Moşu”yla “Seva”nın səhnəsi və ya Təhminə Zaur filminin yanında Vəfanın kadrları heç nədir. Ancaq bu gün Amaliya Pənahovadan Vəfa Zeynalovanın kadrlarını soruşsaq deyər ki, “gərək Vəfa o filmə çəkilməzdi”. Ancaq bəlkə də Amaliya Pənahovanı bu səviyyə çatdıran məhz “Babək”lə etdikləri olub. Bir müddət öncə Türkiyədə yayımlanan və ölkəmizdə də çox sevilən “Aşk-ı-Memnu” filmini də xatırlaya bilərik. Filmdə aktrisa Beren Saat erotik səhnədə çəkildi. İlk vaxtlar “Bihter”i hər kəs buna görə təhqir etsə də, bu gün Beren Saat Türkiyənin ən güclü və ən bahalı aktrisalarındandır.

“Facebook”da “özünü mələk kimi aparan şeytanlar”

Bütün bunlar bir növ “mən dediyimi elə, mən elədiyimi eləmə” məsəlinə oxşayır. Sadəcə fərq ondadır ki, adını sadaladığım filmlərin çəkildiyi dönəmlərdə sosial şəbəkələr yox idi. HƏr yerindən duran, həyatda heç bir nəaliyyət qazanmayan, işi sadəcə onun-bunun qızını sataşmaq, ilişmək olan şəxslərə bu gün meydan verilib. Onlar monitor arxasında əjdahaya dönərək, hər kəsi təhqir edir, ağzına gələnləri yazır. Ümumiyyətlə, sosial şəbəkələrdə müğənni, aktrisa, model, telejurnalist görən istifadəçilərin 90 %-i özünü "peyğəmbər övladı" kimi aparır və tanınmışlar haqda olmazın təhqirlər yazırlar. Ancaq bu adamların yarısından çoxu hansısa məşhur efirə çıxanda, restoranda oxuyanda onun haqda düşünmədikləri fantaziya qalmır. Hətta bu şəxslər həmin məşhur simayla görüşmək üçün əlində olan hər şeydən imtina etməyə belə hazır olan şəxslərdir. Sadəcə onların ən böyük problemi səmimiyyət problemidir. Bu adamlar “facebook” səhifələrində insanları təhqir edib, “inbox”da ona tərtif yağdıranlardır. Həmin tərifləri açıq yazmamağın səbəbi isə ictimai qınaq qorxusudur, ancaq qınayanlar özləri də həmin adamlarla bir saat keçirmək üçün bütün dəyərləri silib-atmağa hazırdılar. Bir sözlə, sosial şəbəkələrdə bir qrup insan var ki, özlərini mələk kimi göstərib, şeytanın düşünə bilmədiyi şeyləri belə edirlər.

Hacıbəy HeydərliAZXEBER.COM

OXŞAR XƏBƏRLƏR