Vahhabilərin tanınmış vaizi Məhəmməd Arif Suriyada döyüşən mücahidlərin seksual problemlərini həll etmək üçün xüsusi fətva verib.
Döyüşən mücahidlərin 2 ildən artıq qadın üzü görmədiklərini deyən vaiz bildirib ki, mücahidlər bir neçə saatlıq suriyalı qadınlarla nikaha girə bilərlər. Fətvanın şərtlərinə görə, mücahidlər yalnız 14 yaşından yuxarı, ərindən boşanan və yaxud da dul qadınlarla ola bilərlər. O qeyd edib ki, mücahidlərlə münasibətdə olan qadınlar cənnətə düşəcək.Fətva birmənalı qarşılanmayıb. Suriyalı alimlərin bildirdiyinə görə, bu fətva qadınlara qarşı təcavüzdür.
Bu arada “İraq və Levanta islam dövləti” adlı radikal dini qruplaşma öz tərəfdarlarını Suriyada hökumət qüvvələrinə qarşı döyüşənlərin məhvinə çağırıb. Cağırışın yer aldığı audiomüraciətlə qruplaşma yanvarın 7-də çıxış edib. “İraq və Levanta islam dövləti”nin nümayəndəsi Əbu Məhəmməd əl-Adanini bəyan edib ki, qruplaşmanının üzvləri hakimiyyət qüvvələrinə qarşı döyüşən bütün digər qüvvələri zərbə üçün qanuni nişan hesab edir. Onun sözlərinə görə, Suriya Milli Koalisiyası “İraq və Levanta islam dövləti” qruplaşmasına qarşı müharibə elan edib, bu üzdən də qruplaşma üzvləri koalisiyadan çıxmaq haqda bəyanat verənlər istisna olmaqla, digər döyüşçülərin məhvinə çalışacaq.
APA TV-nin xəbərinə görə, həmçinin, 30 dövlətin və 3 təşkilatın nümayəndə heyətləri Suriya ilə bağlı Montrö və Cenevrədə keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün dəvət alıb. Bunu Nyu-Yorkda keçirilən mətbuat konfransında BMT-nin mətbuat katibinin müavini Fərhan Hak bildirib. Onun sözlərinə görə, dəvətlilərin siyahısı Rusiya, ABş və BMT nümayəndələrinin görüşündə açıqlanıb. Dəvət olunan təşkilatlar Ərəb Dövlətləri Liqası, Avropa Birliyi və İslam Əməkdaşlıq Təşkilatıdır. İranın konfransda iştirakı məsələsi yaxın vaxtlarda müəyyənləşəcək.