“Vəkillik əmrlə verilmiş xüsusi rütbə deyil ki…” – Tanınmış vəkil onunla bağlı iddialara cavab verdi

“Vəkillik əmrlə verilmiş xüsusi rütbə deyil ki…” – Tanınmış vəkil onunla bağlı iddialara cavab verdi
SOSİAL
12:05 28.11.2018
4084
Xəbər verdiyimiz kimi, bir neçə ay əvvəl vəkillik xidməti göstərməyi dayandırdığını bəyan edən Azərbaycanın tanınmış vəkili Adəm Məmmədov Rusiyada aktiv diaspor fəaliyyətinə başlayıb. Adəm Məmmədov Rusiyanın paytaxtı Moskvada yaradılan Azərbaycan-Rusiya-Türkiyə Mədəniyyət Birliyinin həmtəsisçisi olmaqla yanaşı 1-ci vitse-prezidenti də təyin edilib.

AZXEBER.COM xəbər verir ki, xeyli müddətdir Moskvada olan, bugünlərdə Bakıya qayıdan Adəm Məmmədov "AzPolitika.info”nun qonağı olub. Fürsətdən istifadə edib ondan bəzi suallarımıza cavab aldıq.  

- Adəm müəllim, bir müddət əvvəl vəkillik fəaliyyətinə son verdiyinizi bildirdiniz. Bəziləri bunu Sizin Azərbaycanda vəkillik fəaliyyətinizi davam etdirməyinizə imkan verilməməsi ilə bağlayırlar. Daha dəqiqi, Sizin öz istəyinizlə deyil, məcburən vəkillikdən əl çəkdiyiniz bildirilir. Doğrudanmı Sizdən vəkillik fəaliyyətinizi dayandırmaq tələb olunub?

– Bu cür iddiaların heç bir əsası yoxdur. Bilirsiz, mən iş həyatımla bağlı uzunmüddətli strategiya hazırlayan bir insanam. Özüm üçün əvvəlcədən, təxminən, 3-4 il ərzində həyata keçirəcəyim işlərin planını qururam. Həmin plan üzrə də hərəkət edir, məqsədlərimi reallaşdırmağa çalışıram. Yaxın çevrəm, ətrafımdakı insanlar bilir ki, hələ 2015-ci ildə mən bəzi işləri həyata keçirdikdən sonra vəkillikdən getməyi düşünürdüm. Müəyyən işləri reallaşdırdıqan sonra elmi yaradıcılıqla məşğul olacağımı bildirmişdim. Yəni, vəkillikdən getmək mənim planımın tərkib hissəsi idi. Çünki vəkillik həddən artıq ağır bir peşədir. İnsandan yüksək enerji, fasiləsiz işləməyi tələb edən bir sahədir. Ona görə dünyanın bir çox ölkəsində, o cümlədən ABŞ-da, Avropa ölkələrində vəkillərin çoxu müəyyən müddətdən sonra başqa işlərlə məşğul olurlar. Bu da səbəbsiz deyil. Vəkillər adətən vətəndaşların problemlərinin həlli ilə məşğul olurlar. Ona görə də gün ərzində neçə insanın dərdini dinləyir, nə qədər mənfi enerji ilə yüklənirlər.

Mənim Türkiyədə olan bir məmur dostum var. Deyir ki, "advokat zor sənətdir, həmişə dərd dinləyir”. Bu da təbii ki, vəkillərin səhhətinə təsirsiz ötüşmür. Ona görə uzun müddət vəkillik fəaliyyətilə məşğul olan insanların əksəriyyətində əsəb, ürək-damar xəstəlikləri meydana çıxır. Bu səbəbdən vəkilliklə uzun müddət məşğul olmağı düşünmürdüm. Mənin 6 illik vəkillik fəaliyyətim zamanı icraatımda 1000-ə yaxın iş olub. Bu o deməkdir ki, 2 gündən bir yeni iş qəbul etmişəm. Aktiv fəaliyyət göstərmişəm, xeyli sayda bəraət qərarlarının çıxarılmasına nail olmuşam. Bəzi vəkillərin 30-40 ildə əldə edə bilməyəcəyi nəticələrə nail olmuşam. Buna görə Vəkillər Kollegiyası tərəfindən Fəxri Fərmanla təltif edilmişəm.

Yeri gəlmişkən, Sizə də, digər mətbuat orqanlarına da vəkillik fəaliyətim zamanı mənə verdikləri dəstəyə görə təşəkkür edirəm. Uzun müddət bu cür aktiv fəaliyyətlə məşğul olmaq təbii ki, çətindir. Ona görə də mən bu sahədəki fəaliyyətimi dayandıraraq, hüquq sahəsində elmi yaradıcılıqla və ictimai işlərlə məşğul olmağı qərara aldım. Bir növ döyüş meydanından, qərargaha çəkildim. Ancaq aktiv vəkillik fəaliyyətimə son versəm də, Vəkillər Kollegiyasının üzvü kimi qalıram. Lazım olduqda vəkil kimi də müəyyən işlərə çıxa bilərəm. Vəkillik bir peşədir. Savadını, biliyini, qazandığı təcrübəni heç kim insandan ala bilməz. Ancaq artıq bu sahədə aktiv fəaliyyət göstərmək niyyətində deyiləm.

Bilirsiz, vəkillik çətin olduğu qədər də, şərəfli və insana həyatda çox şeyi qısa müddətdə öyrədən bir peşədir. Vəkillik zamanı əldə etdiyim təcrübə, insana digər sahələrdə daha asan uğur qazanmağa kömək edir. Bu gün dünyada müxtəlif sahələrdə tanımış şəxslərin bir çoxunun ilk peşəsi vəkillik olub. Mən də vəkillik dövrü əldə etdiyim təcrübədən, biliklərdən bundan sonrakı fəaliyyətimdə istifadə etmək, daha çox elmi yaradıcılıqla və ictimai işlərlə məşğul olmaq niyyətindəyəm.

- Əgər vəkillik fəaliyyətilə məşğul olmayacaqsınızsa, niyə hələ də Vəkillər Kollegiyasının üzvü olaraq qalırsınız?

– Mən vəkillik xidmətini dayandırdığıma dair açıqlama verərəkən də, bildirmişdim ki, bundan sonra hər hansı işə çıxmayacam, yaradıcılıqla, ictimai fəaliyyətlə məşğul olacam. Ancaq Vəkillər Kollegiyasında qaldım. Ötən müddət ərzində baş verənlər, ortaya atılan söhbətlər göstərdi ki, mən ərizə verib Kollegiyadan çıxmamaqda çox düzgün qərar vermişəm. Niyə? Çünki çıxsaydım, bu gün müəyyən şəxslər tərəfindən yayılan iddialarla bağlı deməyə sözüm olmazdı. Cəmiyyətdə belə bir yanlış fikir formalaşıb ki, guya vəkillik ölkə rəhbərliyi və ya hansısa nazirlik tərəfindən verilmiş bir vəzifədir. Ancaq təbii ki, belə deyil. Hər bir hüquqi savadı olan, qanunları lazımı qaydada bilən şəxs müəyyən vaxtlarda keçirilən imtahanları verərək vəkillik statusu əldə edə bilər.

Bu gün Azərbaycanda, təxminən, 1500 vəkil var. Ancaq peşəkar vəkil olmaq üçün yalnız savad yetərli deyil. Bunu üçün həm də insanın cəsarəti, şəxsiyyəti, güclü intuisiya, məntiqi mülahizə yürütmək, çətin vəziyyətlərdə sürətli və düzgün qərar vermək qabiliyyəti olmalıdır. Yəni, vəkillik mənə və ya bir başqasına kiminsə tərəfindən sərəncamla, əmrlə verilmiş xüsusi rütbə deyil ki, təzyiqlə, zorla geri alınsın. Bu elə bil ki, lisenziyalaşdırılmış bir xidmət növüdür. Mən də vəkil kimi xidmət göstərməyi dayandırmışam. Amma vəkillik peşəm olaraq qalır. Ona görə də, mənim Vəkillər Kollegiyasının üzvü kimi qalmağımında heç bir problem yoxdur. Əlbəttə, Vəkilər Kollegiyasından da çıxa bilərdim. Ancaq zaman göstərdi ki, tələsməməkdə düz etmişəm, mənimlə bağlı yayılmış iddialara rahat şəkildə cavab verə bilirəm. Bu fakt həm də mənim vəkillik fəliyyətimi təzyiqlərə görə dayandırmağa dair iddiaların əsassız olduğunu sübut edir. Belə iddiaların yayılmasına isə mən təbii baxıram. Azərbaycanda hər hansı peşə sahibinin öz işindən könüllü getməsi halları çox təsadüfi hallarda baş verir. Ona görə də, kimsə işindən getdiyini bəyan edəndə, bunun altında nəsə axtarırlar. Halbuki, buna normal baxmq lazımdır.

Vəkil vəzifə deyil, peşədir. O da başqa peşələrin sahibi kimi istədiyi vaxt insanlara xidmət göstərər, istədiyi vaxt dayandıra bilər. Vəkil kimi xidmət göstərməyi dayandırmaq Vəkillər Kollegiyasının üzvlüyündən çıxmağı tələb etmir. Vəkillər Kollegiyasının xeyli sayda üzvü var ki, heç bir işə çıxmırlar. Məsələn, müəllim kimi fəaliyyət göstərən xeyli sayda hüquq elmləri doktoru var ki, Vəkillər Kollegiyasının üzvüdür. Vəkillər Kollegiyası qeyri-hökumət təşkilatıdır, ictimai təsisatdır. Onun üzvü olmaq vəzifə deyil, ictimai statusdur. Ona görə də, vəkil kimi xidmət göstərməmək, bu statusu daşımağa mane olmur.

- Adəm müəllim, bilirik ki, xeyli müddətdir Rusiyanın paytaxtı Moskvada idiniz. Orada yeni bir ictimai təşkilatın yaradılmasında iştirak etdiniz. Həmin təşkilatın rəhbərliyində də təmsil olunursunuz. Bu təşkilatı yaratmaqda məqsədiniz nədir? Bundan sonra Moskvadamı yaşayacaqsınız?

– Mətbuatdan da tanış olduğunuz kimi, Moskvada yaratdığımız təşkilat Azərbycan- Türkiyə-Rusiya Mədəniyyət Birliyi adlanır. Adından göründüyü kimi, bu, 3 ölkənin vətəndaşları tərəfindən təsis edilmiş ictimai birlikdir. Yəni, təşkilatımız bu 3 dövlət arasında mədəni-ictimai əlaqələrin genişlənməsi, bu ölkələrin dövlət adamlarının, ictimaiyyət nümayəndələrinin, ziyalılarının, mədəniyyət xadimlərinin iştirakı ilə tədbirlərin, diskussiyaların keçirilməsi istiqamətində fəaliyyət göstərəcək. Eyni zamanda bu ölkələrdən birinin vətəndaşının digərində qarşılaşdığı problemlər, çətinliklərlə bağlı köməkliklər göstərməyi düşünürük. Məsələn, Rusiyaya təhsil üçün, müalicə üçün və ya başqa bir iş üçün gələn hər hansı Azərbaycan vətəndaşını çətinliklərlə qarşılaşdıqda ona yardım etməyi, düzgün istiqamətləndirməyi, lazım gələrsə yardım göstərməyi həyata keçirəcək bir təşkilat formalaşdırmağı düşünürük. Bu təşkilat məhz belə xeyirxah məqsədi qarşısına qoyan ziyalı insanlar tərəfindən yaradılıb. Çünki təşkilat vasitəsi ilə müəyyən işləri həll etmək daha asandr, nəinki fərdi qaydada. Mənə də bu təşkilatın yaradılmasında və rəhbərliyində təmsil olunmaq təklif ediləndə, çox böyük məmnuniyyətlə qəbul etdim. Əslində bu mənim də arzum idi. Bu təşkilatın yaradıcıları əsasən tanınmış ziyalılardır. Elə bil onlar mənim niyyətimi oxudurlar. Atalarımız nahaq yerə deməyib ki, niyyətin hara, mənzilin də ora. Bu təşkilatı yaratmaqda da hər birimizin məqsədi öz ölkəmizə, onun vətəndaşlarına xidmət etməkdir. Mən də təşkilatın həm rəhbərliyində olan, həm də əlaqələndirici bir şəxs kimi gah Azərbaycanda, gah Türkiyədə, gah da Rusiyada olacam.

Azərbaycan mənim Vətənimdir, heç bir zaman buranı tərk etmək fikrim yoxdur. Gələn ildən hüquqi maarifləndirmə sahəsində televiziyalardan birində yeni layihə həyata keçirməyi planlaşdırıram. Ancaq həm elmi işimlə əlaqədar, həm də təşkilatdakı fəaliyyətimlə bağlı əsasən Moskvada olacağam. Harda yaşamağımdan asıl olmayaraq, Vətənimə və millətimə xidmət göstərməyə çalışacam.
OXŞAR XƏBƏRLƏR