Rəssamlıq məktəbində oxuyanda karavacizm üslubunun dəlisiydim.
Özəlliklə də Dieqo Velaskesin. Çünki, karavacizm hər şeydə dəqiqlik, simmetrik gözəllik və bu iki qavramın içində şəfqətli olmanı semantik, həm də semiotik meyara çevirməyi tələb edirdi. Daha sonralar Amedeo Klemente Modilianinin gözəllərinin oval üslubda çəkilmiş portretlərini gördükdə başa düşdüm ki, Florensiya məktəbinin “Scuola libera di Nudo”, yəni hər şeyin çılpaqlığı içində daha böyük faciələr yatırmış. Velaskesin “Marqarita”, “Yelpik” və “Yol” tablolarında gözəllik nəcib duyğular üçün səslənirdisə, Modiliani “Janna Ebyutern” və “Lyo Qran Nyu” obrazlarında şəfqətə nifrət duyğularını və bunun olmaması anlamını iradəyə çevirmişdi.
Velaskesin və Modilianinin zamanından uzun illər keçsə də, əslində dünyada heç nə dəyişməyib. Ürək qızdırdığım, ruhuna dəyər verdiyim birini görəndə nədənsə bu iki antoqonist rəssamlar, yəni Velaskes və Modiliani yadıma düşürlər. Gör onlar öz zamanlarının insan xarakterini necə də fırçanın dilə ilə tablolara hopdura bilmişlər. Bizlər kətanda əks olunan bu obrazları gödüyümüzdə çevrəmizi də beləcə anlayırıq. O tanışım görünüşcə Velaskesin fırçasının obrazlarına bənzəməyə çalışır. Gülüşü, duruşu, baxışları, pıçıltılı danışığı, bu andıra qalmış internetdəki sosial şəbəkə yazışmalarındakı orfoepik üslubu dərk etməsə də, deyim tərzində bütün bunların fərqinə vara bilməyənlər üçün hətta Corconenin başlatdığı, sonradan Tsitsianın davam etdirdiyi “Yatmış Venera” kimi görünmək istəyir. O, hələ də başa düşmür ki, bütün savadsızlar üçün “Yatmış Venera” əbədiyyət mələyidir.
Hər gün uzun yol ölçərək işə gələn o, sanki rəngi, qoxusu bəlli olmayan şosse yollarına bənzəyir. Ruhu da, duyğuları da, könlü də onlar kimidi. O, anlamırdı ki, Velaskesin mələyi Modilianinin obrazlarında lap çoxdan sozalıb. Mən bütün bunları duyurdum. Onun içinə hopmuş faciəli yaşam tərzini görürdüm. Buna görə də onu görəndə ürəyim ağrıyırdı. Əksər rəssamlar kimi lal baxışlarımla gülümsəməklə, onun sozalmış ruhunu, duyğularını və könlünü səsləndirmək üçün cəhd edirdim. Sanki, Velaskes və Modilianiyə qarşı üsyana çıxmışdım. Düşünürdüm ki, bütün bunlara rəğmən üçüncü yol var. Heç kimsəyə zərər vermədən onu ikna etmək üçün gecəmi gündüzümə qatmışdım. Hətta dostlardan heç kimsə ilə görüşmürdüm. Arada imkan tapan kimi dəniz sahilinə çıxaraq, yeldoğan ayının düz ortasında dalğaların, yağmurların və küləklərin bir-birinə qovuşan üsyan simfoniyası bir qədər ruhuma sakitlik gətirirdi.
Bir dəfə onu Bramsın 4-cü sonatasını dinləməyə apardım. Brams möhtəşəm meloman duyğuları ilə kilsə ruhundan da ucalıqda idi. O, gözlərini yumub Yohannesin sehrində göz yaşları tökdü. Sonralar başqa ecazkarlıqları da görüb göz yaşlarını təkrarlamışdı. Nədənsə bütün bunlar anidən gəldiyi kimi də dəf olub yoxa çıxırdı. Yerişini, duruşunu və baxışlarını yaddaşımda canlandırdıqca bir gerçəkliyi anladım. Onun şəfqəti çoxdan ölüb. Çünki, sevgi nədir, bax ondan məhrumdur. Bir neçə dəfə anlatmağa belə çalışdım ki, insan o zaman sevə bilir ki, şəfqət duzunu ona qatmağı bacarır. Bir gün öncə, neçə aylardır göstərdiyim çabalara əlvida demək istədim. Nə qədər haqlıyam heç bunu da dərk etmirəm. Axı ona demişdim, nə olsun ki, külək yarpaqlara deyir, mənimlə gedək, nə olsun ki, dalğalar qayalara deyir, mənimlə gedək. Onlar getməz... Onlar bilir ki, yoxdur dünyada yağışın ayaq izləri, yoxdur dünyada, yoxdur qayıtmağın izləri. Velaskesin də gözəlləri Modilaninin obrazlarında beləcə sozalıb. Çünki, sevginin olmadığı yerdə sozalmış ruh ölü kimidir.
İsikava Takuboku kimi qızmar sahil istəyirəm. Bütün vicdansızlıqlardan qaçaraq şəfqətin və sevginin donuşunu açmaq üçün. Orada kimsənin qarşısında nə ağlamaq, nə də sozalmaq var. Diləklərdə yatmış və uyumuş günəşin istisinə qızınmaq, bununla da ruhuma öz enerjimi qatmaq istəyirəm... Gecəni səhərə kimi məni yatmağa qoymayan Velaskesin və Modilianinin tablolarından gözümə zillənmiş obrazların zamanəmizdəki xarakterlərin təzadları ilə üst-üstə düşən insanları görəndə darğınlığa qapılaraq uzun müddət bütün bunlardan əzab çəkirəm...
O, elə başa düşürdü ki, darğınlığını, qırğınlığını Megiddo dağına doğru zəfər yürüşünə çıxmaqla Armageddon döyüşündəki kimi mistik qələbələrə nail ola biləcək. Min illərdir əslində bu savaşın olub-olmaması bütün rahiblərin çözə bilmədikləri bir dartışmadır. Mən günlərlə, həftələrə bunu ona anlatmağa çalışdım. Velaskesin mələyinin Modilianidə sozaldığını dərk etdikcə, onun şaxtalı-boranlı bir gündə cismən deyil, içinin üşüməsinə acıdım. Bu acıların məni tərk edəcəyinə isə heç zaman inanmayacağam. Bir ömür boyu o acıları içimdə və çiynimdə daşıyacağam...