“Vensin səfəri ABŞ-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfədir” - Deputat

“Vensin səfəri ABŞ-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfədir” - Deputat
SİYASƏT
12:11 11.02.2026
335
Xəbər verdiyimiz kimi, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Azərbaycanda rəsmi səfərdə olub. Səfər çərçivəsində Bakıda keçirilən yüksək səviyyəli görüşlərdən sonra tərəflər arasında əməkdaşlığın yeni mərhələsini müəyyən edən "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” imzalanıb.
 
İmzalanan sənəd Azərbaycan–ABŞ münasibətlərinin siyasi, iqtisadi və təhlükəsizlik sahələrində genişlənməsini nəzərdə tutur.

Milli Məclisinin deputatı Naqif Həmzəyev AZXEBER.COM-a açıqlamasında deyib ki, Vensin Azərbaycana səfəri ABŞ-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfədir:

"Vensin Azərbaycana səfəri ABŞ-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfədir. Səfərin vitse-prezident səviyyəsində reallaşması ABŞ-nin Azərbaycana verdiyi prioritetin açıq göstəricisidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Cənubi Qafqaz dəhlizi və digər enerji marşrutları Avropanın müxtəlif mənbələrdən enerji asılılığını azaltmaq baxımından böyük əhəmiyyət daşıyır. ABŞ isə bu proseslərdə Azərbaycanı açar tərəfdaş kimi görür”.

Deputat bildirib ki, imzalanan xartiya iki ölkə arasında əlaqələri daha yüksək mərhələyə daşıyır: 

"Vensin səfəri zamanı imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” iki ölkə arasında əlaqələri daha yüksək mərhələyə daşıyır. Avqust ayında əldə olunmuş razılaşmaların davamı olaraq xartiyanın imzalanması Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açıldığını açıq şəkildə nümayiş etdirir. Məhz bu sənədlə amerikalıların investisiya və biznes maraqlarının qorunması, ticarətin genişləndirilməsi üçün hüquqi-siyasi çərçivə formalaşdırılır”. 

Parlamentari vurğulayıb ki, xartiyanın Azərbaycan üçün çox böyük faydası var:

"Xartiyanın Azərbaycan üçün çox böyük faydası var. Ölkənin beynəlxalq mövqeyi möhkəmlənir, təhlükəsizlik zəmanətləri güclənir. Regional münaqişələr kontekstində ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir”.

N.Həmzəyev qeyd edib ki, iki ölkə arasında süni intellekt sahəsində də əməkdaşlıqlar nəzərdə tutulur: 

"Amerika süni intellekt sahəsində də Azərbaycanla tərəfdaşlıq etmək niyyətindədir və ABŞ şirkətlərinin Azərbaycana investisiya qoymasını təşviq edir. Bu səfərdən sonra Azərbaycan xarici siyasətində balanslaşdırılmış mövqeyini daha da gücləndirəcək və regionun aparıcı dövləti statusunu qoruyub saxlayacaq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR