Vergilər Nazirliyi yeni təkliflər paketi hazırlayır - VİDEO
İQTİSADİYYAT
21:35 22.01.2013
2303
Vergilər Nazirliyi nağdsız ödənişlərin aparılması üçün təkliflər paketi hazırlayır. Vergilər nazirinin I müavini Natiq Əmirovun sözlərinə görə, prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında vətəndaşların nağdsız ödənişlərə kifayət qədər meyl göstərməməsi ilə bağlı səsləndirdiyi iradlardan sonra bu sahədə tədbirlərin sürətləndirilməsi üçün Vergilər Nazirliyinə 3 ay vaxt verilib. Nazirlik isə öz növbəsində yeni təklifləri fevralın sonuna kimi hazırlayıb dövlət başçısına təqdim edəcək. Burada sahibkarlar və vətəndaşlar üçün stimullaşdırıcı tədbirlər görüləcək.Nazir müavini onu da vurğuladı ki, nağdsız ödənişlərin tətbiqi istiqamətində ötən il Bakıda 33 000 POS-terminal quraşdırılıb. Və bu proses davam etdiriləcək. Natiq Əmirov “Binə” və “Sədərək” ticarət mərkəzlərinin sahibləri ilə burada işləyən sahibkarlar arasında yaranan mübahisəyə də münasibətini açıqladı. “Ötən il bu ticarət mərkəzlərinin sahibləri ilə görüşlər keçirdik. Onlara bu məsələlərin həll edilməsi üçün daha bir il verdik. Orada işləyən bəzi sahibkarlar hesab edirlər ki, onların ödəməli olduqları vergilər obyektin icarə dəyərinə daxildir. Bu, qanunsuzdur və daha çox sahibkarların günahıdır”.Nazir müavini bildirdi ki, bu ticarət mərkəzlərində kassa aparatlarının quraşdırılmasına ötən il başlanılıb, mərkəzlərin ərazisində nazirliyin servis məntəqələri işləyir.Qeyd edək ki, hazırda ticarət və iaşə obyektlərinin 95%-də kassa aparatları quraşdırılıb. Prosesin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur .