Qarabağ müharibəsində minlərlə canını fəda edən oğullarımız oldu. Bu gün onların hər birinin qəhrəmanlığı bir kitaba belə sığmaz. Onların silaha sarılaraq düşmənə aman verməməyi, fədakarlığı, cəsurluğu Vətənə olan məhəbbətin nişanəsi idi. Vətənə sipər olan bu oğulların hər birinin qarşısında baş əyirik!
Bu gün Azərbaycan qeyrətli, torpaq sevdalı şəhid oğulları ilə fəxr edir. Vətənə xidmət edən cəsur oğulların qəhrəmanlığını unutmağa isə haqqımız çatmır. Çünki onların şərəfli döyüş yolu gələcək nəsillərə örnəkdir.
Fevralın 27-də Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 226 nömrəli tam orta məktəbdə tarix müəllimi Təranə Cəbiyevanın təşkilatçılığı ilə "Qəhrəmanlar unudulmur” adlı tədbir keçirildi.Tədbirdə məktəbin direktoru, Vətən müharibəsi şəhidi Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova, Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun qardaşı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Şuşa rayon şöbəsinin sədri Hafiz Qəmbərov və təsərrüfat işləri üzrə direktor müavini, Vətən müharibəsi qazisi, "Cəbrayılın azad olunmasına görə”, "Zəngilanın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə” medallarıyla təltif olunan və Vətən müharibəsində qələbə münasibətilə təsis edilən, ali hərbi orden olan "Qarabağ” ordenli Ceyhun Məmmədov, təlim-tərbiyə işləri üzrə direktor müavini Rahilə Ağayeva, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Fəridə Məmmədova və şagirdlər iştirak etdi.
Əvvəlcə Azərbaycan Dövlət Himni oxundu. Azəbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Arzu Məmmədova 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun Böyük Zəfər Qələbəsindən danışdı. O, Qarabağ müharibəsində igid döyüşçülərimizin qəhrəmanlığı haqqında şagirdlərə məlumat verərək, eləcə də Azərbaycanın 30 il həsrətində qaldığı tarixi ərazilərinin - Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın, Hadrut, Xocavənd, Suqovuşan və Şuşanın erməni işğalından azad olunduğunu diqqətə çatdırdı. Hafiz Qəmbərov Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun keçdiyi şərəfli ömür yolunu şagirdlərə xatırlatdı. Vətənin ağır günündə Şuşanı mənfur ermənilərdən qorumaq üçün Ramiz Qəmbərovun böyük fədakarlıq göstərərək Şuşa özünümüdafiə batalyonunun yaradılmasını isə hərb tariximizin bir səhifəsi olduğunu söylədi. O, bildirdi ki, 1992-ci il aprelin 29-da Kosalar və Kərkicahan kəndləri yaxınlığında Ramiz Qəmbərovun taboru xain erməniləri məhv edib. Təəssüf ki, həmin döyüşdə yaralanan Ramiz Qəmbərovu həyata qaytarmaq mümkün olmayıb. Şəhadətə ucalan Ramiz Qəmbərov 1992-ci il mayın 1-də Şuşa şəhərində böyük izdihamla dəfn olunub. 1992-ci il iyunun 7-də Ramiz Qəmbərov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Tarix müəllimi Təranə Cəbiyeva çıxışında cəsur döyüşçü Ramiz Qəmbərovla bərabər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Allahverdi Bağırovun, Əliyar Əliyevin, Vəzir Orucovun Xocalı faciəsindən sonra düşməni böyük sayda məhv etdiklərini, kəndlərimizin erməni işğalından azad olunmasında onların böyük qəhrəmanlıqlar göstərdiklərini qeyd etdi. Sonra şagirdlər monitorda tarix müəlliminin hazırladığı "Şuşa əməliyyatı” adlı video-çarxı izlədilər.
Məlumdur ki, Vətən müharibəsində Azərbaycan hərbçiləri Şuşaya girmək üçün çətin də olsa, qarşı tərəfin ağlına belə gəlməyən sıldırım qayaların olduğu istiqaməti seçərək, şəhərə ancaq qayalıqlara dırmaşaraq qalxmağı bacardı. Həmin igid və cəsur oğullardan biri Vətən müharibəsi qazisi, "Qarabağ” ordenli Ceyhun Məmmədov olub. O, şagirdlərə 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolundan danışdı. Ceyhun Məmmədov 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun sıralarında Şuşa döyüşlərində iştirak etdiyi üçün qürur hissi keçirdiyini söylədi. Tədbirin yekununda şagirdlərin verdiyi sualları Ramiz Qəmbərovun qardaşı Hafiz Qəmbərov ətraflı cavablandırdı.
Daha sonra məktəbin direktoru Arzu Məmmədova Milli Qəhrəmanın qardaşı Hafiz Qəmbərova, "Qarabağ” ordenli Ceyhun Məmmədova və tədbirin təşkilatçısı Təranə Cəbiyevaya təşəkkür etdi.
Daha sonra məktəbin direktoru Arzu Məmmədova Milli Qəhrəmanın qardaşı Hafiz Qəmbərova, "Qarabağ” ordenli Ceyhun Məmmədova və tədbirin təşkilatçısı Təranə Cəbiyevaya təşəkkür etdi.
Arzu Məmmədova Hafiz Qəmbərova və Ceyhun Məmmədova T.Cəbiyevanın "Sonuncu səngər” kitabını, "Vətənin keşiyində” audio diskini təqdim etdi. Sonda tədbir iştitrakçıları xatirə şəkli çəkdirdi.
Təranə Cəbiyeva