Son illər çoxmənzilli yaşayış binalarında sakinlərin giriş-çıxışının daha təhlükəsiz və rahat təmin edilməsi məqsədilə Face ID kimi müasir texnologiyalardan istifadə geniş yayılıb.
Lakin bu sistemlərdə yaranan texniki nasazlıqlar bəzi hallarda sakinlərin öz mənzillərinə daxil olmasında ciddi çətinliklər yarada bilər. Sosial şəbəkədə paylaşım edən bir vətəndaş da binada istifadə olunan Face ID sisteminin işləməməsi səbəbindən mənzilinə daxil olmaqda çətinlik çəkdiyini bildirib. Onun sözlərinə görə, sistem işləmədiyi halda binaya daxil olmaq üçün alternativ vasitə də təqdim edilməyib.
Maraqlıdır, Face ID sistemi işləmədikdə bina rəhbərliyinin sakinlər üçün alternativ giriş imkanı yaratmaq öhdəliyi varmı? Sakin məcburi şəkildə biometrik giriş sistemindən istifadə etməyə məcbur edilə bilərmi?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, bu cür giriş sistemlərinin tətbiqi zamanı həm təhlükəsizlik, həm də sakinlərin mənzilə çıxış hüququ nəzərə alınmalıdır:
"Ümumiyyətlə, bu tip giriş sistemləri adətən təhlükəsizlik tədbirləri ilə bağlı həyata keçirilir. Əlbəttə ki, belə tədbirlər tətbiq olunan zaman mütləq qaydada araşdırılmalı olan məsələlərdən biri bunun cəmiyyətdə nə qədər zəruri olmasıdır. Digər tərəfdən, şəxslərin öz mənzillərinə çatımlığıdır.
Üçüncüsü, ola bilər ki, hansısa şəxslər bu metoddan deyil, alternativ digər metodlardan istifadə edir və bunun legitimliyi məsələsi ortaya çıxır. Heç şübhəsiz, bu xidmətləri təklif edən şirkətlər mütləq qaydada vətəndaşlara onların biometrik məlumatlarının qorunmasının hüquqi əsaslarını və nə qədər inandırıcı olduğunu isbatlamalıdır”.

Hüquqşünas qeyd edib ki, sakinlər biometrik giriş sistemindən istifadə etməyə razı olmadıqda onlar üçün alternativ giriş üsulları təmin edilməlidir:
"Beləliklə, vətəndaşlar razılıq vermirlərsə, o zaman şirkət yeni binada alternativ daxilolma metodlarından, açarla, QR kodla və ya digər alternativ üsullardan istifadə etməklə vətəndaşların kompleksə daxil olmasını təmin etməlidir. Vətəndaşlar məcburi şəkildə belə bir sistemə keçirilə bilməzlər.
Əgər belə bir hal varsa, mütləq qaydada vətəndaşlarımız məhkəməyə müraciət etməklə mənzillərə çatımlıq hüququnun təmin olunmasını, eyni zamanda şəxsi həyatın toxunulmazlığına hörmətlə yanaşılmasını tələb edə bilərlər. Məhkəməyə iddia qaldırmaqla öz əmlak və şəxsi hüquqlarını təmin edə bilərlər”.
Fəridə Əsədzadə











































