Vətəndaşlar “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının müsbət təsirlərini hiss edir

SİYASƏT
15:33 19.04.2014
1500
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında insan kapitalı və səmərəli sosial müdafiə sistemi: Uğurlar və perspektivlər” layihəsi çərçivəsində Binəqədi rayonunda tədbir keçirmişdir.
BMAM-dan AZXEBER.COM-a verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunmuş tədbirdə Mərkəzin sədri, layihənin rəhbəri Rufiz Qonaqov layihənin Bakının Yasamal və Binəqədi rayonlarını, Sumqayıt, Gəncə şəhərlərini və Quba rayonunu əhatə edəcəyini söyləmişdir. O, qeyd etmişdir ki, Prezident İlham Əliyevin 2011-ci il noyabrın 29-da “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı imzaladığı tarixi Sərəncam işlərin daha sürətlə getməsinə və səmərəliliyin artırılmasına zəmin yaratmışdır. Bu mükəmməl Konsepsiyada heç bir sahə diqqətdən kənarda qalmamış, yoxsulluğun azaldılması, məşğulluğun səviyyəsinin yüksəldilməsi, həssas qrupların sosial müdafiəsi, sahibkarlığın inkişaf etdirilməsi, yüksək keyfiyyətli təhsil sisteminin yaradılması, təbii sərvətlərdən istifadənin azaldılması və digər məsələlər barədə əsaslı inkişaf proqramı ortaya qoyulmuşdur. Bütün sahələrlə yanaşı, insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması bu Konsepsiyada xüsusi əhəmiyyət daşıyır. Ölkə əhalisinin yeni iş yerləri ilə təmin olunması üçün kompleks tədbirlər planı həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən Dövlət proqramları bu gün ölkə əhalisinin sosial problemlərinin həllində mühüm əhəmiyyət daşıyır.
Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova Konsepsiya çərçivəsində rayonda görülən işlərdən danışmışdır. Bildirilmişdir ki, bu gün Binəqədi Bakının ən inkişaf etmiş rayonlarındandır. Rayon gündən-günə abadlaşır, həyata keçirilən planlı işlər bütün qəsəbələrdə də davam etdirilir, məktəblər, səhiyyə ocaqları təmir olunur. Bütün bunlar Konsepsiyadan irəli gələn vəzifələrdir. Hazırda əhalinin sağlamlığı ilə bağlı həyata keçirilən kampaniya Binəqədi rayonunda yüksək səviyyədə yerinə yetirilir və bu proses may ayının sonuna qədər davam edəcəkdir. Bundan başqa, rayon ərazisində səyyar həkim briqadaları da fəaliyyət göstərir.
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri, layihənin eksperti Rəfail Becanov çıxış edərək bildirmişdir ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması və tətbiqi dövlətimizin başlıca prioritet hədəflərindən biri kimi bu gün əsas müzakirə mövzularındandır. Xalqımız üçün çox faydalı olacaq bu Konsepsiya Azərbaycan dövlətinin yeni böyük uğurlarının başlanğıcıdır. Konsepsiya çərçivəsində insan kapitalının inkişafı sahəsində ölkədə əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi və bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən aztəminatlı ailələr və yoxsul vətəndaşlar üçün əlçatanlığı əsas strateji xətt olaraq ön plana çəkilir.
Digər çıxış edənlər bildirmişlər ki, Konsepsiyanın ayrı-ayrı sahələrə təsirini vətəndaşlarımız artıq hiss edirlər. Əhalinin aztəminatlı təbəqəsi kimi, digər sosial qruplar da bu Konsepsiyadan bəhrələnirlər. Vətəndaş cəmiyyəti institutlarının müxtəlif təsisatları bu proqramın müsbət təsirindən yararlanır. Bu gün istər mətbuat, istərsə də QHT sektorunun güclənməsi məhz bu inkişafın bizə verdiyi ən böyük töhfələrdəndir.
Çıxışlarda Konsepsiyanın gənclərin inkişafına təsirindən də danışılmışdır. Bildirilmişdir ki, xaricdə təhsil proqramları Azərbaycanda yeni və müasir biliklərə yiyələnmiş gəncliyin formalaşmasına xidmət edir. Gənclərin dövlət idarəçiliyinə cəlb edilməsi də bu Konsepsiyanın qarşıya qoyduğu məsələlərdəndir.

OXŞAR XƏBƏRLƏR