Vətəndaşların missiyası: İşğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsini gözləmək - TƏHLİL

Vətəndaşların missiyası: İşğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsini gözləmək - TƏHLİL
SİYASƏT
14:09 01.04.2021
850
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan şanlı qələbə qazandı. 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə zəfər yürüşü edən Silahlı Qüvvələrimiz düşməni ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyü təmin edildi.
 
Beləliklə, 30 ildir davam edən işğal faktına son qoyularaq tarixi ədalət bərpa olundu. İndi isə qalib Azərbaycanın qarşısında yeni vəzifələr dayanır. Bu vəzifələr işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdış planının həyata keçirilməsi ilə bağlıdır.

Amma bu proses xüsusi plan əsasında həyata keçirilməlidir. Bu da öz növbəsində müəyyən zaman alır. Qarşımızda duran əsas məqsədlərdən biri də ərazilərin minadan təmizlənməsidir.
 
AZXEBER.COM bu proseslə bağlı araşdırma aparıb. 

Tarix boyu dünyada çox sayda müharibələrin olduğu hamıya məlumdur. Bütün bu müharibələrdən sonra qələbə qazanmış dövlət azad edilmiş ərazilərə öz vətəndaşlarını yerləşdirilməsini təmin etməzdən əvvəl ilk növbədə ərazidə mina təmizləmə işləri aparır. Bu, qayıdış üçün vacib amildir.

Azərbaycanın da Qarabağ zəfərindən sonra yerli əhalinin öz ərazilərinə qaytarılması başlıca məqsəddir. Bundan öncə isə azad edilmiş ərazilər minalardan təmizlənməlidir. Prezident İlham Əliyev də öz çıxışında azad edilmiş torpaqlarda minatəmizləmə işlərinin birinci dərəcəli vəzifə olduğunu qeyd edib.

Mina təmizləmə prosesinin əsas məqsədi insanları mina, partlamamış hərbi sursat, müharibənin partlayıcı qalıqları və tərkibində partlayıcı olan qurğuların təhlükəsindən azad etmək, zərərçəkənlərin cəmiyyətə inteqrasiya olunaraq inkişafa açıq mühitdə yaşamasını təmin etməkdir.

Azərbaycanda bu prosesi ANAMA həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 yanvar tarixli, 1251 saylı Fərmanı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb.

Peşəkar mexaniki dəstək qrupuna malik olan ANAMA (elektron hissələr xaric) bütün lazımi texniki təminat və təmir xidmətlərini daxili imkan və bacarığı ilə həll edir və mövcud olan 6 mexaniki vasitədən ibarət olan potensialını qoruyub saxlayır. Mexaniki minatəmizləmə vasitələrinin tətbiqinə ilk dəfə 2004-cü ildən başlamış ANAMA Mexaniki dəstək Qrupu, uzun illər boyunca keçdiyi təcrübə və qarşıya çıxmış olan çətinliklərin dəf edilməsi üslubları ilə artıq həm ölkədə, həm də kənarda bu vasitələrin daha səmərəli istifadəsinə dair təlim və təcrübə mübadiləsi üçün yararlı olacaq imkanlara malikdir.

Hal-hazırda Agentlikdə 3 ədəd Slovakiya istehsalı olan Bozena-4, 2 ədəd Bozena-5 və 1 ədəd Xorvatiya istehsalı olan MV-4 xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları mövcuddur.

Azad edilmiş ərazilərin ümumi sahəsi 246 min hektardan çoxdur. Bu, kiçik ərazi deyil. Buna görə də ərazinin minalardan təmizlənməsi asan məsələ sayılmır. Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə təqdim etməkdən hələ də boyun qaçırması isə bu işlərin uzanmasında başlıca səbəbdir.

Buna baxmayaraq Azərbaycan işğaldan azad edilmiş torpaqlarda minatəmizləmə işlərini sürətlə davam etdirir. Təmizləmə işləri əsasən üç yolla aparılır. Ərazidə mina təmizləmə üzrə mütəxəssislər xüsusi detektorlar vasitəsilə minaların aşkarlanması işlərini yerinə yetirir. Həmçinin zolaqların açılması üçün uzaqdan idarə olunan mina təmizləmə texnikaları çalışır. Bundan başqa, təmizləmə işlərində xüsusi təlim keçmiş itlərdən də istifadə olunur.

Agentlikdən verilən son məlumatlara görə görülən işlər çərçivəsində, ümumilikdə, 3 milyon 600 min kvadratmetrdən çox ərazidə 4224 piyada əleyhinə mina, 1181 tank əleyhinə mina aşkar edilib. Eyni zamanda, 2064 ədəd tank əleyhinə minanın partladıcısı və 300 ədəd bombacıq zərərsizləşdirilib.

Onu da qeyd edək ki, əhalinin təhlükəsizliyini nəzərə alaraq işğaldan azad edilmiş ərazilərə xüsusi icazəsi olmayan vətəndaşların keçməsi qadağandır. Amma buna baxmayaraq hələ də bu qaydalara məhəl qoymayıb həmin ərazilərə keçməyə cəhd edən insanlar olur. Təbiidir ki, Azərbaycan xalqı öz torpaqlarına ayaq basmaq üçün 30 ildir ki, həsrətlə gözləyir. Ancaq insanlar özlərini təhlükəyə atmayıb dövlətin qoyduğu qaydalara əməl etməklə bir qədər də səbr etməlidirlər ki, bütün bu proseslər başa çatdıqdan sonra qısa zaman çərçivəsində öz torpaqlarına rahat qayıda bilsinlər.

Agentlik bir daha bildirir ki, işğaldan azad edilmiş ərazilər minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərdir və təhlükəsizlik səbəbindən həmin ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qadağandır.
 
Buna görə də hər bir azərbaycanlının missiyası işğaldan azad edilmiş torpaqlarımızın minalardan təmizlənməsini səbrlə gözləmək olmalıdır. 
 
Aydın Nuri,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR