‘Vətəndaşların soyulması üçün alternativ fırıldaq vasitəsi tapıblar’ - Deputat

SİYASƏT
12:26 09.08.2014
3764

Deputat Fazil Mustafa "Facebook" səhifəsində Lökbatan qəsəbəsindən cənub bölgəsinə gedən avtomobillərin pullu yoldan istifadə etməyə məcbur qalmasından yazıb. 

"Dədə Qorqud dastanlarında bir Dəli Domrul obrazı var. Elin çayının üzərində körpü düzəldir və körpüdən keçəndən 9 axça, keçməyəndən 5 axça alır. Çayın dayaz yerindən keçə bilməzsən, mütləq körpüdən istifadə etməlisən. Dəli Domrul başqa alternativ qoymur ki, insanlar seçim etsinlər. İndi hansısa Dəli Məmur, Dəli Sahibkar, Dəli İşbaz Azərbaycan vətəndaşları üçün eyni şeyi neçə yüzillər sonra tətbiq edib. Lökbatan yolu təmirə bağlanıb. Gözəl, yollarımızın abadlaşmasını hamımız istəyirik. Ancaq vətəndaşların maşınla cənub bölgəsinə hərəkəti üçün alternativ yol düşünülməliydi, bax bu edilməyib. Əvəzində isə vətəndaşın soyulması üçün alternativ bir fırıldaq vasitəsi tapıblar. Demək hər kəs Sədərək bazarından keçən yoldan 50 qəpik ödəyərək keçməlidir.

Şəhərə gələn də eyni qaydada Sumqayıt-Biləcəri istiqamətinə bu vəsaiti ödəməlidir. Bazara girib-girməyin fərqi yoxdur, bütün cənuba, başqa yerlərə bu istiqamətdə evinə gedən, səyahətə gedən hər kəs maşınbaşına bu pulu ödəyib keçməlidir. Burada milyonlarla manat vəsaitdən söhbət gedir. İnanmıram ki, bir bazarın rəhbəri bu pulu təkbaşına yesin. Demək ki, yolu təmirə bağlayanlarla razılaşmış bir addımdır. Həm də bilərəkdən növbə yaradıblar ki, vətəndaşın izdirabından ləzzət də alsınlar. Mən ona görə müharibə haqqında ehtiyatla danışıram ki, pul qazanmaq naminə içəridən haradan vətəndaşa zərbə vurulacağını təsəvvür edə bilirəm. Bu məsələni mütləq ictimailəşdirməliyik ki, vətəndaşların vəziyyətini yüngülləşdirə bilək".

OXŞAR XƏBƏRLƏR