Soyuq havaların yaxınlaşması ilə birlikdə orqanizmin immun sistemini gücləndirmək məqsədilə vitamin qəbuluna maraq artır. Mütəxəssislər bildirirlər ki, xüsusilə payız-qış mövsümündə C, D və sink tərkibli vitaminlər orqanizmi virus və infeksiyalardan qorumaqda mühüm rol oynayır. Lakin həkim nəzarəti olmadan qəbul edilən vitaminlər sağlamlığa zərər də verə bilər.
Anestezioloq-reanimatoloq Cavid İsmayılov Xəzər TV-də yayımlanan "Xəbər ertəsi” verilişində açıqlamasında bildirib ki, artıq vitamin qəbulu və sistemlərin tərkibinə onların əlavə olunması məsləhət deyil:
"Vitamin qəbulu üçün mütləq həkim nəzarəti və tövsiyəsi olmalıdır. Bütün vitaminlər həkim diaqnozundan sonra təyin edilməlidir. Yağda həll olan A, D və K vitaminləridir ki, bunların həkim nəzarəti olmadan istifadəsi zərərli ola bilər. Uşaqlarda isə D vitamininin davamlı istifadəsi böyrək çatışmazlığına və hiperkalsemiyaya səbəb ola bilər.”
Həkimin sözlərinə görə, insan orqanizminin ehtiyacı fərdidir:
"İnsan orqanizminin ehtiyacı fərdidir. Birinə faydalı olan doza başqası üçün təhlükəlidir. Buna görə də hər hansı vasitəni qəbul etməzdən əvvəl qan analizləri aparılmalı və prosesin gedişatı həkim tərəfindən izlənilməlidir. İnsanlar bir az narahatlıq hiss edən kimi vitamin qəbul etməməlidirlər. Analiz nəticələrinə əsasən ehtiyac olan vitaminlər müəyyən edilməlidir. Hər bir qida və vitaminin artıqlığı zərərlidir.”
Ekspert əlavə edib ki, gündəlik vitamin və mineral ehtiyacını qarşılamağın ən doğru yolu balanslı qidalanmadır:
"Gündəlik vitamin və mineral ehtiyacını ödəməyin ən doğru yolu balanslı qidalanmadır. Məsələn, C vitamini üçün meyvələr, D vitamini üçün günəş və süd məhsulları, dəmir üçün isə ət və paxlalı qidaların istifadəsi vacibdir.”
Şahanə Ziyad