Övladlar arasında miras davası niyə yaranır? - Çıxış yolu açıqlandı

Övladlar arasında miras davası niyə yaranır? - Çıxış yolu açıqlandı
SOSİAL
17:37 09.07.2026
283
Ailə daxilində ən ciddi mübahisələrdən biri miras və əmlak bölgüsü ilə bağlı yaranır.

Valideynlərin vəfatından sonra ev, torpaq, mənzil və digər əmlakların bölüşdürülməsi bəzi hallarda illərlə davam edən məhkəmə çəkişmələrinə, hətta qohumluq münasibətlərinin pozulmasına səbəb olur.

Maraqlıdır, bu cür mübahisələrin qarşısını almaq üçün valideynlər sağ ikən hansı qərarları verməlidirlər ki, gələcəkdə övladlar arasında əmlak üstündə mübahisə yaranmasın?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, qanunvericilikdə mirasın bölüşdürülməsi ilə bağlı müəyyən qaydalar müəyyən edilib:

"Övladlar arasında mübahisə dedikdə söhbət valideyn vəfat etdikdən sonra əmlakın övladlar arasında bölünməsindən gedir. Əgər başqa hal nəzərdə tutulmayıbsa, əmlak övladlar arasında bərabər bölünür. Valideynlər istəyirlərsə, vəsiyyətnamə yazmalıdırlar. Vəsiyyətnamədə əmlakı kimə qoyurlarsa, bunu birmənalı şəkildə qeyd etməlidirlər".


Hüquqşünas qeyd edib ki, valideynin sağ ikən vəsiyyətnamə yazması mübahisələrin qarşısını qismən ala bilər:

"Valideynlər istəyirlərsə, vəsiyyətnamə yazmalıdırlar. Vəsiyyətnamədə əmlakı kimə qoyurlarsa, bunu birmənalı şəkildə qeyd etməlidirlər. Amma vəsiyyətnamə yazılsa belə, miras əmlakda məcburi pay anlayışı var. Məsələn, iki övlad var və qanuna görə əmlak 50 faiz 50 faiz bölünməlidir. Əgər mən vəsiyyətnamə ilə əmlakın hamısını bir övladıma verirəmsə, digər övladın yenə də 25 faiz payı olacaq. Çünki qanun deyir ki, məcburi pay həmin şəxsə qanun üzrə çatmalı olan payın yarısıdır. Yəni ona qanun üzrə 50 faiz çatırdısa, bunun yarısı olan 25 faiz məcburi pay kimi saxlanılır. Əgər valideyn bunu da istəmirsə, əmlakı sağlığında bağışlamalıdır".

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR