Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev ilə Belqradda keçirilən görüşdən sonra verilən birgə bəyanatda Vuçiç Azərbaycanın xüsusilə Zirə pomidorunun və Naxçıvan məhsullarının dadını bəyəndiyini bildirib. Eyni zamanda zirə bölgəsindən gələn xiyarların çox ləzzətli olduğunu qeyd edib. Vuçiçin Azərbaycan kənd təsərrüfatı məhsullarını yüksək qiymətləndirməsi bu sahədə ixrac imkanlarının genişlənməsi perspektivini yenidən gündəmə gətirib. Onun fikirləri Azərbaycan kənd təsərrüfatı məhsullarının beynəlxalq səviyyədə tanınması və yeni ixrac bazarlarına çıxışı baxımından mühüm siqnal hesab olunur.
Bundan sonra Azərbaycan kənd təsərrüfatı məhsulları daha çox hansı ölkələrə ixrac oluna və hətta hansı ölkələrin dövlət rəhbərlərinin süfrələrində yer ala bilər?
REAL partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında deyib ki, Balkanların ətrafında olan digər ölkələrə də məhsullar ixrac oluna bilər:
"Azərbaycandan Avropaya kənd təsərrüfatı məhsulları çox az ixrac olunur. Amma buna baxmayaraq ixracın böyük potensialı mövcuddur. Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracında Rusiya bazarından asılılığını azaltmaq üçün alternativ bazarlara çıxışın təmin olunmasına təcili ehtiyac var. Uzun illərdir ixracın əsas istiqamətlərindən biri məhz Rusiya olub. Bu baxımdan Serbiya kimi, Balkanların mərkəzində yerləşən və ətrafında bir sıra kiçik ölkələrlə əhatə olunan dövlətlər yeni ixrac imkanları baxımından perspektivli hesab olunur. Bu ölkələr vasitəsilə regionun digər bazarlarına da çıxış əldə etmək mümkündür”.
Ekspert deyib ki, AB üzv olan ölkələrə məhsul ixrac etmək çox mürəkkəbdir:
"Serbiya hələlik Avropa Birliyi üzvü deyil. Avropa Birliyinə üzv ölkələrə məhsul ixrac etmək daha mürəkkəb prosedurlar, çoxsaylı sertifikat tələbləri və ciddi tənzimləmə mexanizmləri səbəbindən daha çətin olur. Bu isə Avropa Birliyinin biznesə maneəçiliyinin təzahürüdür.
Serbiya və Balkan regionunda Avropa Birliyinə daxil olmayan digər ölkələrlə əməkdaşlıq isə yeni bazarlara çıxış baxımından daha əlverişli istiqamət kimi qiymətləndirilə bilər”.
Natiq Cəfərli vurğulayıb ki, yerli məhsullar beynəlxalq ictimaiyyətə daha geniş şəkildə təqdim olunmalıdır:
"”Bu potensialdan istifadə etmək üçün məqsədyönlü fəaliyyət həyata keçirilməli, məhsulların tanıdılması üçün təqdimatlar təşkil olunmalı, reklam və marketinq strategiyaları gücləndirilməli, yerli məhsullar beynəlxalq ictimaiyyətə daha geniş şəkildə təqdim olunmalıdır. Bununla belə, hazırda ixracın böyük hissəsinin Rusiya bazarına yönəlməsi və istehsalçıların bu bazara alışması yeni bazarlara çıxış prosesinin sürətini müəyyən qədər məhdudlaşdırır”.
Şahanə Ziyad










































