"Prezident İlham Əliyevin ABŞ prezidenti Donald Trampın dəvəti ilə avqustun 8-də Vaşinqtonda keçirdiyi görüş həm ikitərəfli, həm də çoxtərəfli danışıqlar baxımından ölkəmizin son illərdəki ən mühüm diplomatik nailiyyətlərindən biri kimi qiymətləndirilir”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, Vətən müharibəsində əldə olunan qələbədən sonra Azərbaycan suverenliyini tam bərpa edib və Ermənistanla sülh müqaviləsinin imzalanması üçün şərtlərini irəli sürüb:
"Bu müddətdə qazandığımız hərbi qələbəni diplomatik müstəvidə də davam etdiririk. Vaşinqton görüşlərini bu prosesin məntiqi nəticəsi hesab edirik. Donald Tramp çox uğurlu təşəbbüslərlə çıxış etdi. Həm ikitərəfli, həm də çoxtərəfli formatda aparılan danışıqlarda əsas mövzu bu idi və Azərbaycan böyük diplomatik uğur qazandı. Bu, cənab İlham Əliyevin diplomatik məharətinin nəticəsidir".
Vüqar İskəndərov Donald Trampın İlham Əliyevə xüsusi hörmət bəslədiyini vurğulayıb:
"Trampın həm sözləri, həm də davranışları bunu açıq göstərirdi. O, həm də özünü sülh yaradan dünya lideri kimi təqdim etdi. Trampın Nobel Sülh Mükafatı almaq arzusu var və hazırkı fəaliyyəti göstərir ki, buna layiqdir. Hər iki lideri – həm İlham Əliyevi, həm də Nikol Paşinyanı möhtəşəm lider adlandırması onların indiyə qədər vasitəçi olmadan bir çox vacib məsələləri uğurla həll etdiklərini göstərir”.
Deputat əlavə edib ki, Donald Tramp mühüm münaqişələrdə və təhdidlərdə vasitəçi kimi çıxış edərək sülhü təşviq etməyə çalışır:
"O, supergüc olan bir dövlətin prezidentidir, xarizmatik liderdir və tarixdə sülhü təşviq edən böyük bir şəxsiyyət kimi qalmaq istəyir. Əgər gələcəkdə Cənubi Qafqazda da sülhün bərqərar olmasına töh verə bilsə, arzuladığı kimi, sülhpərvər lider olaraq tarixə düşəcək”.
Oksana Orucova