Vüqar Səfərliyə qaytarılan əmlaklar yenə əlindən çıxa bilər

Vüqar Səfərliyə qaytarılan əmlaklar yenə əlindən çıxa bilər
SOSİAL
13:16 22.04.2025
139
Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin bir sıra əmlaklarının yenidən müsadirə edilməsi tələb olunur.

Bu barədə prokurorluq kassasiya protesti təqdim edib. 

Prokuror hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin daha əvvəl dövlət nəfinə alınmış 4 əmlakın geri qaytarılması ilə bağlı qərarı əsaslı deyil və dəyişdirilməlidir.

Protestdə aşağıdakı əmlakların müsadirəsi nəzərdə tutulur:

- Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi;
 

- Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi;

- Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi;

- Xətai rayonunda yerləşən "Amay” ticarət mərkəzindəki mağaza.

Məlumat üçün bildirək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay həbsə məhkum edilmiş Vüqar Səfərlinin digər 8 əmlakı müsadirə olunub. Sabiq Fond rəhbərinin vəkili Hikmət Əliyev isə həmin əmlakların qaytarılması üçün kassasiya şikayəti verib. Müdafiə tərəfi mülklərin V.Səfərli tərəfindən vəzifəyə təyin olunmazdan əvvəl əldə edildiyini əsas gətirir.

Protest və şikayətə mayın 7-si Ali Məhkəmədə baxılacaq.
 
qafqazinfo.az
OXŞAR XƏBƏRLƏR