Smartfonların bəlkə də ən çox istifadə edilən tətbiqi olan "WhatsApp” məxfiliyinə həssas olan istifadəçilərə "təhlükəsiz” xidmət təqdim edəcək.
AZXEBER.COM xəbər verir ki, "WhatsApp” qrup söhbətləri üçün məxfilik xüsusiyyətlərini və yalnız birdəfəlik audio mesajlar göndərmək imkanını elan etdikdən sonra inkişaf mərhələsində olan daha bir məxfilik funksiyası aşkar edilib.
Google Play Store-da "WhatsApp” Android beta versiyasının 2.23.8.2 yeniləməsində aşkar edilən bu funksiya ilə istifadəçilər barmaq izi və ya paroldan istifadə edərək müəyyən söhbətləri bağlaya biləcəklər.
"WhatsApp” bu funksiya üzərində işləməyə davam edir. Bu yolla istifadəçilər əlavə təhlükəsizlik qatına sahib ola və həssas söhbətlərini başqa gözlərdən qoruya bilərlər.
Hazırlanma mərhələsində olan yeni funksiya haqqında dərc edilən skrinşotda söhbət və ya qrup məlumatlarını kilidləmək mümkün olacaq.
Bunun üçün təhlükəsizlik tədbiri kimi istifadəçinin barmaq izi və ya parolundan istifadə olunacaq. Əks halda, heç kim bu mesajlara daxil ola bilməyəcək.
Kilidli söhbət çərçivəsində gələn foto və videolar gizlədiləcək.
Kilidlənmiş söhbətdə paylaşılan media telefonunuzun qalereyasında saxlanmayacaq və qorunacaq.
Ayşən