Son günlər "WhatsApp” və sosial şəbəkələrdə vətəndaşların adından saxta hesablar yaradılaraq onların yaxınlarından pul istənilməsi halları müşahidə olunur.
AZXEBER.COM xəbər verir ki, bu barədə DİN-in vətəndaşlara müraciətində deyilir.
Qeyd olunub ki, belə hallarda kiberdələduzlar tanıdığınız şəxsin adından, fotoşəklindən və digər məlumatlarından istifadə edərək saxta hesab yaradır, yaxınlarına yazaraq təcili pul göndərilməsini xahiş edirlər:
"Vətəndaşlara müraciət edərək bu cür mesajlara qarşı diqqətli olmağa, tanıdıqları şəxsin adından göndərilən, xüsusilə də pul vəsaiti tələb olunan şübhəli müraciətlərə dərhal inanmamağa çağırırıq.
Sizə tanıdığınız şəxsin adından pul göndərilməsi barədə mesaj daxil olarsa, ilk növbədə həmin şəxslə digər vasitə ilə əlaqə saxlayaraq məlumatın həqiqiliyini dəqiqləşdirin.
Şəxsin profil fotosunun və adının tanış olması hesabın məhz həmin şəxsə məxsus olduğunu təsdiq etmir.
Şübhəli hesab və mesajlarla qarşılaşdıqda pul vəsaiti göndərməyin, şəxsi və bank məlumatlarınızı paylaşmayın, şübhəli keçidlərə daxil olmayın".
Vurğulanıb ki, kiberdələduzluqla qarşılaşdıqda dərhal DİN-in "102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edilməlidir.











































