Xəbər verdiyimiz kimi, bu gün səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edilib. Hücum dəf edilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki nəfər yaralanıb. Yaralıların vəziyyəti qənaətbəxşdir. Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edən şəxs saxlanılıb.Terror aktını törədən şəxsin isə İran vətəndaşı Yasin Hüseynzadə olduğu məlum olub. Hazırda bu xain hücum üzrə araşdırma davam edir.
Baş verən hadisə ilə əlaqədar dünya ölkələrindən Azərbaycana başsağlığı ünvanlanıb.
AZXEBER.COM indiyə qədər başsağlığı verən bütün ölkələrin ümumi siyahısını saat ardıcıllığı ilə hazırlayıb.
***
Ölkəmizə ilk başsağlığı qardaş ölkə Türkiyədən gəlib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib, yaralılara şəfa arzulayıb. M.Çavuşoğlu bununla bağlı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib. Türkiyə XİN başçısı İrandakı səfirliyə hücumu qınayıb, daim Azərbaycanın yanında olduqlarını bildirib. Onu da qeyd edək ki, M. Çavuşoğlu bu gün artıq 2-ci dəfədir ki, Azərbaycan XİN naziri ilə əlaqə saxlayır.
***
Növbəti başsağlığı Rusiyadan gəlib. "Azərbaycan səfirliyinə növbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının həlak olması bizi şoka salıb”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqram kanalında yazıb. "Azərbaycanlı həmkarlarımıza başsağlığı verir və dəstəyimizi ifadə edirik!”, - o qeyd edib.
"Can Azərbaycanın İrandakı səfirliyinə təşkil olunan xain hücumu şiddətlə qınayıram". Bunu Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu tviterdə yazıb: "Hücum nəticəsində şəhid olan mühafizə xidməti rəhbərinə Allah rəhmət eləsin. Onun ailəsinə, Azərbaycan xalqına başsağlığı verirəm. Allah yaralılara şəfa versin", - o bildirib.
***
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib. Bu barədə Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko tviterdə yazıb: "Ukrayna Azərbaycanın Tehrandakı səfirliyinə bu gün bir nəfərin ölümü və bir neçə təhlükəsizlik əməkdaşının yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyir. Qurbanın yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik”, - paylaşımda bildirilib.
"Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərlər məni dəhşətə gətirdi”. Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko tviterdə yazıb: "Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Həlak olanın ailəsinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”, - o bildirib.
**
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld da tviterdə hadisəni qınayıb: "Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum və səfirlik əməkdaşının qətlə yetirilməsi xəbəri məni sarsıtdı. Qətlə yetirilən şəxsin ailəsinə başsağlığı verir, yaralılara şəfa diləyirəm”, - o bildirib.
Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann də terror aktını tviterdə yazdığı statusla pisləyib: "Biz Azərbaycanın İrandakı səfirliyinə edilən ölümcül hücum xəbərindən sarsıldıq və hər cür zorakılığı pisləyirik". "Düşüncələrimiz və dualarımız qurbanların ailələrilədir”, - o bildirib.
***
ABŞ-ın Azərbaycandakı səfirliyi də Azərbaycan xalqına başsağlığı verib. Bu barədə diplomatik korpusun feysbuk səhifəsində məlumat paylaşılıb. Paylaşımda deyilir: "Azərbaycanın Xarici İşlər Nazirliyində çalışan həmkarlarımıza və onların ailə üzvlərinə səfilrlikdə baş verən faciəvi insidentlə bağlı başsağlığı verir, dərin kədərimizi bölüşürük. Eyni zamanda insident zamanı həyatını itirən Orxan Əsgərovun ailəsinə başsağlığı verir və yaralılara şəfa diləyirik”.
***
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva tviterdəhadisəyə belə münasibət bildirib: "Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm". "Mülki şəxslərə və mülki obyektlərə, o cümlədən diplomatik missiyalara qarşı hücumlar beynəlxalq humanitar hüquqa əsasən qəti şəkildə qadağandır. Mərhumun ailəsinə başsağlığı verir və yaralananlara şəfa şəfa diləyirəm", - o vurğulayıb.
***
"Bu səhər Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumdan kədərləndim”. Bunu Fransanın Azərbaycana yeni təyin olunan səfiri Ann Buayon tviterdə yazıb. O, Azərbaycan xalqına, Xarici İşlər Nazirliyindən çalışan diplomatlara və silahlı hücumda həlak olan mühafizəçi Orxan Əsgərovun ailəsinə başsağlığı verib.
***
"Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirik". Bunu İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Haiat tviterdə yazıb.
"Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş dəhşətli hücumda təhlükəsizlik rəisinin qətlə yetirilməsi bizi sarsıdıb və kədərləndirib. Azərbaycan xalqına və hökumətinə, həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların ən qısa zamanda sağalmasını arzulayırıq”, - İsrail XİN-dən bildirilib.
***
Mərakeşin Azərbaycandakı səfirliyi də Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı başsağlığı verib. "Orxan Əsgərovun faciəli şəkildə qətlə yetirilməsi və Azərbaycanın Tehrandakı səfirliyinin daha iki əməkdaşının yaralanması xəbəri bizi dərindən kədərləndirib. Mərakeş səfirliyi O.Əsgərovun ailəsinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir”, - qeyd edilib.
***
Gürcüstan XİN-dən hadisəyə münasibət verilib: "Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirik. Hər hansı diplomatik nümayəndəliyə qarşı hər hansı zorakılıq hərəkəti tamamilə qəbuledilməzdir. Faciə qurbanının ailəsinə başsağlığı veririk”, - məlumatda vurğulanıb.
***
Fələstinin Azərbaycandakı səfirliyi ölkəmizin İrandakı səfirliyinə silahlı hücum və əməkdaşın ölümü ilə əlaqədar başsağlığı verib. Bu barədə səfirliyin feysbuk" səhifəsində məlumat verilib.
"Azərbaycan Respublikası səfirliyinin əməkdaşı cənab Orxan Əsgərovun öldürülməsi xəbərini böyük kədər hissi ilə qarşıladıq. Həlak olanın ailəsinə və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindəki həmkarlarımıza dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını arzu edirik”, - paylaşımda qeyd edilib.
***
"İtaliya səfirliyi Azərbaycanın İrandakı səfirliyinə xaincəsinə edilmiş hücumdan hiddətlənib və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir”. Bu barədə səfirliyin tviter səhifəsində məlumat verilib. "Biz yaralıların tezliklə sağalmasını arzulayır və təhlükəsizlik qüvvələrinin cəld və cəsarətli reaksiyasına heyran olduğumuzu bildiririk”, - paylaşımda qeyd edilib.
***
Moldovanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə təşkil edilən terror hücumu ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. Bu barədə nazirliyin tviterində paylaşım edilib. "Moldova bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu, mühafizə rəisinin həlak olması və iki mühafizəçinin yaralanmasını qətiyyətlə pisləyir", - tvitdə bildirilib.
***
"Bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm”. Bu barədə Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç tviterdə yazıb. "Diplomatik missiyalara qarşı hücumlar qəbuledilməzdir. Azərbaycanla həmrəy olduğumu və həlak olanlara başsağlığımı bildirirəm”, - o bildirib.
***
Litvanın Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə təşkil edilən terror hücumu ilə bağlı başsağlığı verib. Bu barədə qurumun tviterində paylaşım edilib. "Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumu qəbuledilməzdir", - paylaşımda bildirilib.
***
Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib. Bu barədə Səudiyyə Ərəbistan XİN-dən bildirilib: "Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyi İranın paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyinə bir nəfərin ölümü və bir neçə nəfərin xəsarət alması ilə nəticələnən silahlı hücumu qətiyyətlə pislədiyini bildirir. Nazirlik bu çətin vaxtda Krallığın Azərbaycan Respublikası və onun dost xalqı ilə həmrəy olduğunu təsdiq edir, diplomatik nümayəndəliklərin toxunulmazlığına hörmət etməyə və günahkarların cəzalandırılmasına çağırır".
Ayşən