Xalası tərəfindən işgəncəyə məruz qalan yeniyetmə ilə bağlı YENİ XƏBƏR

Xalası tərəfindən işgəncəyə məruz qalan yeniyetmə ilə bağlı YENİ XƏBƏR
SOSİAL
11:06 08.09.2025
276
Xalası tərəfindən işgəncəyə məruz qalan 14 yaşlı uşaq Sosial Xidmətlər Agentliyinə təhvil verilib.

Bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) cavab olaraq verilib.

Qeyd edilib ki, sentyabrın 1-də Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicə alan 2011-ci il təvəllüdlü pasiyent (kişi cinsli) göstərilən zəruri tibbi xidmətlərdən sonra sağlam şəkildə Sosial Xidmətlər Agentliyinin əməkdaşlarına təhvil verilib.

"Xatırladaq ki, azyaşlı Sabunçu rayon ərazisində baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən tibb müəssisəsinə hospitalizasiya olunmuşdu. Onda bədənin müxtəlif nahiyələrində çoxsaylı xəsarət izləri (çapıq və şırımlar), saçlı dəridən alın-təpə nahiyəsinə qədər saçsız hissə və çapıq toxuması, sol kürək nahiyəsində, sol əl pəncəsində ödəm qeydə alınıb, ixtisaslı həkim və laborator-diaqnostik müayinələrdən sonra zəruri müalicə prosedurları icra olunub",- deyə məlumatda bildirilir.

Sosial Xidmətlər Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.

Qeyd edilib ki, qəyyumu tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaqla bağlı məlumat daxil olduğu ilk andan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb edilib.

"Uşaq aidiyyəti qurumlarla koordinasiyalı şəkildə əvvəlcə səhiyyə müəssisəsinə yerləşdirilib. Müayinə və qiymətləndirilmə prosedurları bitdikdən sonra isə o, Agentliyin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib. Burada ona Agentliyin mütəxəssisləri tərəfindən sosial-məişət, sosial-hüquqi, sosial-psixoloji, sosial-pedaqoji və digər sosial xidmətlər göstəriləcək", - deyə məlumatda vurğulanır.

OXŞAR XƏBƏRLƏR