Daha doğrusu “ulduz” xəstəliyinə tutulmalarından, onları həmin səviyyəyə yüksəldən insanlara saymazyana münasibətindən. Belə “ulduz” lardan biri “Yeni Ulduz” musiqi müsabiqəsindən tanınan Aygün Rəhimovadır. Aygün xanımın şəxsi "Facebook" səhifəsində yazdığı statusu olduğu kimi təqdim edirəm (yalnız orfoqrafik səhvləri düzəltmişəm): “Əzizlərim, sizin əlinizdən onlayn söhbəti açıb, sənət yoldaşlarımla, dostlarımla smsləşə bilmirəm! Sevginizə görə çox sağ olun. Sizinlə onlayn söhbətləşməkdən əllərim ağradı (gülür). Efirdən gəlmişəm, yorulmuşam. Yorğunluğumu face ilə keçirirəm”.
Maraqlıdır, görəsən Rəhimovanın sənət yoldaşları kimlərdir? Hamıya məlumdur ki, sənət yoldaşının olması üçün ortada sənət olmalıdır. Aygün xanım isə “Yeni Ulduz”un iştirakçılığından aparacılığına qədər “yüksəlib”. Onun sənətinin ifaçılıq yoxsa aparıcılıq olduğunu yəqin ki, özündən başqa heç kim bilmir. Belə bir xanımın özünü bu qədər yüksəkdən aparması kənardan gülünc görünür. Əminəm ki, çatda yazan şəxslər heç də Rəhimovanın fanatı deyillər, bəlkə də onu tanımırlar. Sadəcə gözəl xanım olduğuna görə yazırlar. Və kimliyindən asılı olmayaraq 2500-ə yaxın dostu olan hər bir kəsə çatda bu qədər insanın yazmağı normaldır. Rəhimovanın yerinə istənilən bir xanım olsa belə ona da həmin qədər insan yazardı. Amma Aygün xanım bunu fanatarının çoxluğu ilə əlaqələndirir. Fanatlardan söz düşmüşkən, bu statusa daha bir “ulduz”umuz, uşaqlıqdan səhnədə olan, amma hələ də böyüyə bilməyən Xəyalə Manaflı belə bir cavab yazıb: “Aquli, (Aygün Rəhimovaya dostları belə deyir. H.H.), ona görə də fanatlar elə fanat kimi də qalmalıdılar”.
Mənə çox maraqlıdır Rəhimova və Manaflının fanatları kimlərdir? Və onlar hansı komponentə görə bu insanlara heyran olublar? Sənətdə özlərini təsdiq edə bilməyib, sonradan aparıcılığa başlayan bu iki xanımın insanlara bu qədər yuxarıdan aşağı baxmağı məni təəcübləndirmədi. Çünki onları bu səviyyəyə çatdıran mətbuatımızdır. Mətbuat bu şəxslərin hər nazıyla oynayır, onları ulduz kimi təqdim edir sonunda isə belə bir mənzərənin şahidi oluruq. Amma təbii ki, bu bütün müğənnilərə şamil oluna bilməz. Və bu 2 “ulduz” həmin insanlardan nəsə öyrənsələr yaxşı olar. Onlara bu yöndə kömək məqsədilə Azərbaycanın xalq artisti Faiq Ağayevin şəxsi Facebook səhifəsində yazdığı statusu təqdim edirəm: “Hal-hazırda (səhər saat 5:27-dir) "in-box"dakı bütün məktubları oxumaq mücadiləsindəyəm. Hələ oxunmamış 468 mesaj qalıb”.
Bu da illərini sənətə həsr etmiş xalq artisti ilə dünənki “ulduz”ların fərqi. Məncə bu müqayisədən sonra nəsə demək artıqdı. Sadəcə olaraq, fanatlarına (əgər varsa) yuxarıdan aşağı baxan “ulduzlar”a demək istəyirəm ki, unutmayın ki, sizi bu səviyyəyə qaldıran Azərbaycan xalqıdır və həmin nöqtədən aşağı yuvarlatmaq da xalqın əlində çox asan bir işdir. Çalışın ki, xalqın yaddaşında insanları həqarət etməklə yox, sənətlə qalın (əgər varsa).
P.S. Facebookdan söz düşmüşkən qeyd edim ki, dünyanın ən böyük sosial şəbəkəsində “Üzeyir Mehdizadədən nifrət edən 100 min adam axtarırıq” adlı qrup açılıb və hazırda qrupun 11 min üzvü var. Bunu da elə-belə xatırlatdım.
HACIBƏY HEYDƏRLİ