"Xalqın Ali Baş Komandana inamı bizi Zəfərə apardı"

"Xalqın Ali Baş Komandana inamı bizi Zəfərə apardı"
SİYASƏT
13:35 07.11.2022
304
"Bu gün biz Zəfər Gününü Şuşada, Cıdır düzündə qeyd edirik. Bütün Azərbaycan bu şanlı bayramı qeyd edir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi. Biz düşməni doğma torpaqlarımızdan qovaraq tarixi missiyamızı yerinə yetirdik".

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş Şuşa şəhərində ötən ilin 8 noyabrında, Zəfər Gününün birinci ildönümündə hərbçilər qarşısında çıxışında dedi. 

Müzəffər Ali Baş Komandan Zəfər Gününü elə işğaldan azad olunmuş ərazidə qeyd etməklə qələbəmizin əbədi olacağı mesajını nəinki Ermənistana, bütün dünyaya verdi. Artıq 2022-ci 8 noyabr, yəni həmin qələbənin ikinci ildönümünün astanasındayıq. Sabah xalqımızın başının yenidən ucalmasının, bütün dünyada məğrur xalq, ölkəmizin bütün dünyada qalib ölkə kimi tanınmasının ikinci ilini qeyd edəcəyik. 

Azərbaycan tarixinə Zəfər Günü kimi düşən bu tarix bizim qürur günümüzə çevrildi. 2020-ci il dövlətimizin, xalqımızın, Ali Baş Komandanın səbrinin tükəndiyi vaxt idi, biz həmin ildə zəfəri növbəti səfər saxlaya bilməzdik. Nə qədər sülh və danışıq istəsək də, artıq müharibə qaçılmaz idi. Düşmən ölkə özü bunu istəyərək, öz məğlubiyyətinin, öz rəzilliyinin acısını çəkdi.

44 günlük Vətən Müharibəsində ölkəmizin qazandığı şanlı və tarixi qələbə düşmən ölkə üçün tarixi dərs oldu. Bu tarixi dərs 30 il ərzində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı, talançı, ikiüzlü addımlarına böyük bir cavab zərbəsi oldu. Öz torpaqlarını Ali Baş Komandanın rəhbərliyi ilə ordunun, xalqın, dövlətin və hakimiyyətin birliyi sayəsində geri qaytaran Azərbaycana Ermənistan artıq qalib ölkə kimi baxır, hərçənd bunu həzm edə bilmir. Dünyanın gözü qarşısında bu cür gülünc məğlubiyyətlə üzləşən Ermənistan hər fürsətlə yenə də təxribatlara əl atır. Artıq heç nə əldə edə bilməyəcəyini, törətdiyi təxribatlara daha ağır cavab alacağını bilən Ermənistan yenə də çirkin niyyətlərindən əl çəkmək istəməsə də, Azərbaycana qarşı hər yanlış addımına görə cavabını da alır.

Biz 2020-ci ildə bütün dünyanın diqqətini bir nöqtəyə yönəltdik. Həmin dövrdə bizi izləyək hər bir ölkəyə örnək olduq. Çünki bir xalqın öz Ali Baş Komandanının ətrafında birləşməsi, hər an onun əmrini gözləməsi missiyasını heç bir ölkə yaşamayıb. Yəqin ki, heç bir xalq da vətənpərvərlik hislərini bizim qədər ortaya qoya bilməyib. 44 günlük Vətən Müharibəsi dönəmində biz hər bir azərbaycanlıda, Azərbaycandan kənarda yaşayan soydaşlarımızda, xüsusən, gənclərdə vətənpərvərlik hisslərinin nə qədər yüksək olmasının bir daha şahidi olduq. Vətən Müharibəsi dövründən bu hisslərin təzahürü, vətən, torpaq sevgisi sayəsində Azərbaycan bir yumruq kimi birləşdi. Elə bu yumruq idi ki, düşmənin 30 illik xəyalını 44 günə məhv etdi. Azərbaycan hər mənada hazırlıqlı idi. 

Ordu quruculuğu, xalqda ruh yüksəkliyi, birlik – döyüş üçün lazım olan hər şey yerində idi. Ən əsası da xalqın Ali Baş Komandanına inamı - əvvəllər olduğu kimi, 2020-ci ildə Qarabağ uğrunda 44 günlük Vətən müharibəsi zamanı da biz bu inamın hamıda bir nəfər kimi yerində olduğunun şahidi olduq. 

Uşaqdan böyüyə qədər hər kəs dövlətin maraqlarına uyğun istiqamətdə addımlamağın vacibliyini dərk edirdi. Hər bir azərbaycanlı Vətən müharibəsində bütün dünyaya Azərbaycanda xalq və dövlət arasındakı yüksək inam və bağlılığı sübut etdi.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR