Bugün sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi, Şuşa şəhərinin qurucusu Pənahəli xanın nəticəsi, əsərləri Azərbaycan Respublikasında dövlət varidatı elan edilən görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın doğum günüdür.
Mehdiqulu xan qızı Xurşidbanu Natəvan (15.08.1832 – 01.10.1897) Şuşada dоğulub.
Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını verib. Xurşidbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlığının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda "Dürrü yekta” ("Tək inci”), el arasında isə "Xan qızı” çağırıblar.
Xurşidbanu ana tərəfdən Gəncə hakimi Cavad xanın nəslindəndir; anası Bədircahan bəyim Cavad xanın nəvəsi, Uğurlu bəyin qızıdır.
Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik şəxsiyyət olub. O, "Məclisi-üns” ədəbi məclisinin başçısı olub, Azərbaycan mədəniyyətində və ictimai həyatında özünəməxsus izlər qoyub. O, zəmanəsinin görkəmli şəxsiyyətlərindən olub, təkcə Azərbaycanda deyil, bütün Önqafqazda xeyirxahlığı ilə tanınıb. O, kasıblara əl tutub, Şuşaya su kəməri çəkdirib.
Natəvan yaradıcılığa təxminən XIX yüzilin 50-ci illərindən başlayıb. İlk vaxtlar onun "Xurşid” imzası ilə yazdığı şeirlərin çoxu itib-batıb, yalnız az bir bölümü bizə gəlib çatıb.
Xan qızının poeziyası Azərbaycan xanəndələrini də ruhlandırıb. Böyük sənətkarımız Seyid Şuşinskinin Natəvan haqqında xatirəsində qeyd olunur ki, o, şairin qəzəllərini "Segah” üstündə oxuyarmış; və ondan bəri, demək olar ki, bu günə kimi tanınmış Azərbaycan xanəndələri şairin qəzəllərini oxuyub, ilham alırlar.
Natəvanın yaradıcılıq fəaliyyəti təkcə şeirlə bitmir; o, rəssamlıqla da məşğul olub, həmçinin, onun nəfis əl işləri, müxtəlif türdə tikmələr bacarığı da olub. Onun bədii tikmələri "Gül dəftəri” (1886) adı ilə ün qazanıb.
Şəxsi həyatındakı problemlər, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaldıb, onu həyat işığına həsrət qoyub. Xurşidbanu Natəvan Ağdamın İmarət qəbristanlığında dəfn olunub.
Aysel