Xankəndi - Cənubi Qafqazın sülh körpüsü

Xankəndi - Cənubi Qafqazın sülh körpüsü
SOSİAL
13:04 15.10.2025
133
Bu il – "Konstitusiya və Suverenlik İli” Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında möhtəşəm diplomatik qələbələrlə, tarixi anlarla, təkrarolunmaz hadisələrlə qalmaqdadır. Məhz 30 ildən artıq müddətdə Cənubi Qafqazda həsrətində olduğumuz əmin-amanlıq, ölkəmizin ərazi bütövlüyü və suverenliyimizin bərpa olunmasına yönəlik fəaliyyətimiz 2020-ci ildə başlanan Vətən müharibəsindən sonra, 2023-cü ilin 15 oktyabr günü üçrəngli Azərbaycan Bayrağının Xankəndidə ucalması, Azərbaycan Gerbinin ölkəmizin konstitusion hüdudlarında Günəş kimi parlaması və nəhayət, 2025-ci il avqustun 8-də Vaşinqtonda Ermənistanla sülhə doğru razılaşmanın əldə olunması ilə taclandı. Bu, hər bir azərbaycanlının müasir tariximizdə qüdrətli dövlətin vətəndaşları olduğunun bariz göstəricisidir. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, əldə etdiyimiz uğurları Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinə və Azərbaycan övladlarına, qüdrətli Ordumuzun əsgərlərinə, qəhrəman igidlərimizə borcludur.

Bunu AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.

O qeyd edib ki, iki il bundan öncə, oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdıqdan sonra doğma xalqımıza müraciəti, "Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi” sözləri Azərbaycan vətəndaşlarının nə dərəcədə müdrik qərar verdiyini bir daha ortaya qoydu. Həmin müraciət, eyni zamanda, gündən-günə cənnətə çevrilən doğma Qarabağımızın hər bir şəhər, rayon və kəndinin daha da çiçəklənəcəyini, Azərbaycanın suverenliyinin tam təmin olunmasını nəinki xalqımıza, eləcə də bütün dünyaya bildirdi.

"Qarabağa səfəri çərçivəsində Prezident İlham Əliyevin Sərsəng su anbarının ərazisində, Ağdərə, Xocalı, Xocavənd və Xankəndi şəhərlərində Dövlət Bayrağımızı ucaltması o torpaqlarda Azərbaycan Respublikasının Konstitusiyasının, qanunlarının, Ali Baş Komandanın əmrlərinin, həmçinin Azərbaycanın ərazi vahidi olaraq bütün hüquq normalarına uyğun idarəçiliyin təkmilləşməsinə şərait yaratdı, habelə Cənubi Qafqazda beynəlxalq hüquq və prinsiplərə əsaslanan, ədalətli, uzunmüddətli sülh müqaviləsinin imzalanmasına təkan verdi. Bu, doğrudan da, Azərbaycan xalqının, bütün azərbaycanlıların həyatlarında yaşadıqları ən sevincli, ən qürurlu anlardan oldu.

Həmin anları bizə qürurla yaşadan bir digər məqam isə, əlbəttə ki, bu hadisələrin oktyabrın 15-də baş verməsidir. Məhz 2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə Prezident seçilmiş İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi irsini ləyaqətlə davam etdirərək, onun yaratdığı möhkəm təməl əsasında dövlətimizi strateji hədəflərə doğru uğurla apardı. Nəticədə regionda aparıcı dövlətə, dünyada çəkisi və nüfuzu olan, söz sahibinə çevrilən Azərbaycanın müstəqil siyasəti, ərazi bütövlüyünün və suverenliyin bərpası təmin olundu”, - deyə deputat bildirib.

O qeyd edib ki, keçdiyimiz yolda Prezident İlham Əliyev müstəqilliyimizin simvolu, Azərbaycanın dünyadakı səsi, bütün dünya azərbaycanlılarının hüquqlarının və təhlükəsizliyinin qarantına çevrildi. Dövlətimizin başçısı keçmiş ənənələr üzərində müasir ölkəmizin yeni reallıqlarını yaradaraq xalqın yüksək etimadını və sonsuz məhəbbətini qazandı, humanizm və liderlik keyfiyyətləri ilə Azərbaycan vətəndaşlarının qəlbində özünə əbədi yer etdi.

"Beləliklə, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı qurdu, Prezident İlham Əliyev isə onu güclü dövlətə çevirdi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Əminik ki, qürurlu və güclü xalqımız qazandığı zəfərləri, müstəqilliyimizi əbədi etmək üçün bundan sonra da yeni zirvələr fəth edəcək, yenilməz Azərbaycan Sərkərdəsinin uzaqgörən siyasətini, şanlı tariximizin yazılmasını, daha böyük Azərbaycan naminə mübarizliyini əzmlə davam etdirəcək”, - deyə M.Əfəndiyev vurğulayıb.

 
OXŞAR XƏBƏRLƏR