Xəbər verdiyimiz kimi, Xankəndidə Qarabağ Universiteti yaradılacaq.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Elm və Təhsil naziri Emin Əmrullayev də Xankəndidə yaradılacaq universitetlə bağlı məsələyə toxunaraq növbəti ildən tələbələri həmin təhsil ocağında görmək istədiyini vurğulayıb.
Bəs Prezidentin Sərəncamı ilə yaradılan Xankəndi Universitetindən gözləntilər nədir?
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən təhsil eksperti Elçin Əfəndiyev universitetin önəmindən danışıb:
"Dünənki Sərəncam ilə Qarabağ Universiteti yaradıldı. Bu universitet tam müstəqil, publik hüquqi şəxs statusu daşıyır. Bu o deməkdir ki, heç bir filial funksiyasını yerinə yetirməyəcək. İlk vaxtlar Xankəndidə universitet var idi. Bu da Ulu Öndər Heydər Əliyevin 1-ci hakimiyyət dövrünə təsadüf edirdi. Həmin universitet 1969-cu ildə yaradılmışdı. Azərbaycan Pedaqoji Universitetin filialı olaraq fəaliyyət göstərirdi və burada daha çox pedaqoji ixtisaslar tədris olunurdu. Universiteti 1988-ci ilə qədər fəaliyyətini davam etdirdi. Həmin ildən isə ermənilərin işğal siyasəti nəticəsində universitet fəaliyyətini dayandırdı. Xankəndi filialı Şuşa şəhərinə köçürüldü. Yenə də separatçılar müvafiq olaraq universiteti özlərininki kimi qələmə verməyə çalışırdılar. Gördüyünüz kimi, 44 günlük Vətən Müharibəsi, 1 günlük lokal antiterror əməliyyatı nəticəsində, dövlət başçısının ortaya qoyduğu böyük iradə qarşısında Xankəndi şəhəri işğaldan azad edildi. Nəticə etibarilə, artıq orada olan bütün dövlət strukturlarının hər biri Azərbaycan qanunvericiliyinin tabeliyinə keçdi".
Təhsil eksperti qeyd edib ki, yaradılan universitetdən gözləntilər böyük və çoxdur:
"Buradan qaynaqlanaraq Xankəndidə mövcud olan universitet fəaliyyətini bərpa etməliydi. Təbii ki, Qarabağ Universitetində Dövlət İmtahan Mərkəzinin digər ali təhsil müəssisələrində, istər xüsusi, istərsə də mülki ali təhsil müəssisələrində keçirdiyi imtahanlar eyni formatda davam edəcək. Bizim əsas istəyimiz bundan ibarətdir ki, universitet yeni dövrün tələblərinə uyğun ixtisasların tədrisini həyata keçirsin. Əsasən tibbi ixtisaslar, pedaqoji yönümlü ixtisasları da həmçinin tədris olunmalıdır. Eyni zamanda, dünənki Sərəncamda da qeyd olunub ki, infrastrukturun yaxşılaşdırılması, tələbələrin labaratoriya imkanlarının gücləndirilməsi, asudə vaxtlarının səmərəli keçirilməsi üçün idman kompleksinin, həmçinin kitabxanaların olması - bunların hamısı həmin universitetlərdə olacaq. Çünki Xankəndi bizim üçün çox strateji əhəmiyyətli ərazidir. Gələcəkdə universitetin dünya reytinqinə düşməsi üçün mühüm işlərin görülməsi zəruridir. Düşünürəm ki, ora təyin olunacaq rəhbər şəxs mütləq bu istiqamətdə işlər görməlidir.
Digər bir gözləntimiz odur ki, ixtisasların sayı çox olsun. Tədris dili Azərbaycan və paralel şəkildə ingiliscə olsun. Başqa dillərdə təhsilin olması məqsədəuyğun deyil. Xarici mütəxəssislərin tədrisə cəlb olunması da ən əhəmiyyətli gözlənti olar. Bir sözlə, gözləntilərimiz çoxdur.
Növbəti ildən həmin universitetə plan yerləri elan edilib artıq tələbələrin qəbulu həyata keçiriləcək. Dediyimiz gözləntilər reallaşarsa, xaricdən əcnəbilərin universitetə gəlib təhsil alması birbaşa turizmin də inkişafına təkan verə bilər. Bu da regionun sosial-iqtisadi inkişafa böyük töhfə vermiş olar".
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisinin deputatı Vüqar İskəndərov isə Xankəndidə yaradılan universitetin hər bir azərbaycanlını qürurlandırdığını vurğulayıb:
"Azərbaycan 44 günlük Vətən Müharibəsindəki qələbəsi və 23 saatlıq lokal antiterror tədbirləri ilə öz suveren ərazisində bütün hüquqlarını bərpa etdi. Bununla da Azərbaycan xalqı ən qürurlu xalq olaraq əbədi yaddaşlara həkk olundu. Təbii ki, artıq Qarabağ, Şərqi Zəngəzur ərazisindəki bütün şəhərlərdə, bölgələrdə Azərbaycan Bayrağının dalğalanması, Xankəndidə hərbi paradın keçirilməsi ölkəmizin gücünün, qüdrətinin bariz nümunəsidir. Cənab Prezidentin Sərəncamı ilə Xankəndidə Qarabağ Universitetinin yaradılması bu məsələləri həm də bir mənəvi tərəfdən və orada sırf Azərbaycan şəhəri olan Xankəndidə Qarabağ adlı universitetin təsis edilməsi bir daha azərbaycanlını qürurlandırır. Xankəndidə əlbəttə ki, 70-ci illərdə universitet olub. Həmin universitetdə yüzlərlə tələbə təhsil alıb. Hazırda həmin məzunlar kifayət qədərdir.
Yenidən Qarabağ Universiteti adı ilə bu təhsil ocağının fəaliyyətə başlaması həm də cənab İlham Əliyevin ölkəmizə verdiyi ən böyük hədiyyədir. Düşünürük ki, bu universitet adına layiq olaraq çox uğurla fəaliyyət göstərəcək. Yüksək innovasiyaların, yeniliklərin tədris olunduğu bir təhsil ocağı olacaq. Bu adla dünya universitetləri sırasına daxil olacaq və bu bizim qürürumuzu, şərəfimizi birə beş artıracaq".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "elmi-kütləvi, mədəni maarif, təshil proqramlarının hazırlanması" mövzusunda dərc edilib.