Xaricdə erməniləşən azərbaycanlılar haqda şok məlumatlar

MARAQLI
07:30 05.08.2011
1730

Həmyerlimizin məktubunda Şəkidə “Dağ dibi” deyilən ərazidə yaşayan Hədiyyə Bahadır qızı adlı qadının azərbaycanlı ailələri aldadaraq Fransanın Tuluza şəhərinə göndərib erməniləşdirməsi barədə olduqca ilginc məlumatlar yer alıb. 

R.Namazov prezidentə, milli təhlükəsizlik, xarici işlər nazirlərinə və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edərək, Azərbaycanda Hədiyyə Bahadıq qızı, Fransada isə Zina Tumanyan kimi tanınan bu qadın barəsində ölçü götürülməsini xahiş edir.

***

Özünün Fransaya mühacirət etməsinə toxunan R.Namazov yazır ki, Qarabağ Əlillər Cəmiyyətinin orqanı olan “Əlillər” qəzetində çalışıb. 2001-ci ildə Qarabağ qazilərinin keçirdiyi aclıq aksiyasında qəzetin əməkdaşı kimi fəal iştirak edib və həbs olunub. 2-ci dəfə R.Namazovu Naxçıvanda hərbi xidmətdə olarkən gündəlik yazdığı üçün həbs ediblər. Həbsdən çıxdıqdan sonra da tale onun üzünə gülməyib; 2010-cu ilin fevral ayında məhkəmə onun barəsində 1 illik icbari iş kəsib. Bundan sonra ailəsi ilə birlikdə ölkəni tərk edərək Fransanın Tuluza şəhərinə mühacirət edib.

***

Fransanın Tuluza şəhərindəki hoteldə rastlaşdığı bir azərbaycanlı R.Namazova Zina Tumanyanın (Hədiyyə Bahadır qızı) ona və başqa azərbaycanlılara qarşı əməllərindən danışıb: “O, Bakıdan olduğunu, adının İsmayıl, soyadınınsa Mahmudzadə olmasını dedi. Fransaya mühacirət etməsindən danışdı. Dedi ki, Bakıda Əhmədli qəsəbəsində yaşayıb. Həyat yoldaşı Şəkidəndir, əsl adı Nigar Məmməd qızı Sədrəddinovadir. İki azyaşlı uşaqları var. Oğlunun adı Səməd, qızının adı isə Leyladır. Nigarın atası Məmməd Sədrəddinov hazırda Şəkidə ”KapitalBank"da baş mühasib işləyir. İsmayilgilin Tuluzaya gəlməsinə də qayınatası Məmməd vasitəçilik edib. Belə ki, Məmməd əvvəldən bir yerlisi kimi tanıdığı və Şəkidə “Dağ dibi” deyilən məhəllədən olan Hədiyyə Bahadır qızı ilə razılaşaraq İsmayılın ailəsi ilə birgə Fransaya gəlmə məsələsini həll edib. Hədiyə bu işə görə Məmməddən 12 min avro alıb. Onlar ölkəni öz sənədləri ilə tərk ediblər. Ən ucuz Avstriya vizası ilə qara yollarla Almaniyaya gəliblər. Almaniyada onları Hədiyyənin qardaşı Sabir qarşılayıb və bir ay Sabirin evində qalıblar. Sonradan Hədiyyə Nigar Mahmudzadənin adını saxta düzəltdiyi “metrika”da Nelli Babayan qoyub və onları qardaşı Sabirin avtomobili ilə özünün yaşadığı Tuluza şəhərinə gətizdirib. Onlar burada ər azərbaycanlı, arvad isə erməni kimi təslim olublar. İki ildir ki, burdadılar, bu iki il ərzində Fransanın “Ofpr”a adlanan məhkəməsi siyasi sığınacaqla bağlı müraciətlərinə rədd cavabı verib. İkinci instansiya kimi isə Avropa Məhkəməsi bunlara rədd cavabı verib. Onlar öz dosyelərində yazıblar ki, guya Nigarın atası erməni olub və onun “erməni” atasını o vaxt Şəkidə azərbaycanlılar öldürüb. Ona görə də hələ də Fransa dövləti tərəfindən dosyeləri ciddi qəbul olunmayan bu ailə hotellərdə günlərini keçirir. İsmayıl mənə bu şəhərdə xeyli şəkili olduğunu bildirdi və dedi ki, hamısı da Hədiyyə - Zinanın qurbanlarıdır".

R.Namazov məktubunda “Zina Tumanyan”ın eyni ssenari ilə Fransanın Tuluza şəhərinə yollayıb hotellərdə çürüməyə məhkum etdiyi daha 3 ailə barədə məlumat verir: “Vüqar Şamil oğlu Mustafazadə məşhur skripkaçı Kamil Mustafazadənin qardaşıdır. Onun həyat yoldaşı Kifayət, oğlu Vasif və qızı Zəhra də buradadırlar. Ataları Şəkidə məşhur qarmon ifaçısı Şamil kişidir. Vüqar özü bura gələnə kimi Şəkidən Bakıya öz şəxsi maşını ilə müştəri daşıyıb, yaxşı da dolanışığı olub. Vüqarın qayınatası Sabir Şəkidə 9 nömrəli marşrut avtobusunun sürücüsüdür. Vüqar Fransaya qayınatasının vasitəçiliyi ilə gəlib. Belə ki, həmin dediyim o dələduz qadın Hədiyyə ilə Sabir uzaq qohum sayılırlar. Vüqar qayınatası Sabirin vasitəsilə Hədiyyəyə 15 min avro ödəyib. Eyni ilə İsmayıl kimi o bura gəlib çıxıb. Yəni onun kimi əvvəlcə Almaniyaya Hədiyyənin qardaşı Sabirin evinə, oradan isə 1 ay sonra eyni marşrutla Tuluza şəhərinə gətiriliblər. Orada Hədiyyə Vüqarın arvadı Mustafazadə Kifayət Sabir qızına saxta ”metrika" düzəldib. Sənəddə ər azərbaycanlı, arvad isə erməni Asya Sarkisyan kimi göstərilib. Onlara da artıq iki məhkəmənin ikisi də rədd cavabı verib. Hazırda hotellərdə qalırlar. Əlavə iki ailənin ad-familiyası mənə məlumdur. Onların iksi də dələduz qadın Hədiyyənin Şəkidə qonşularıdır. Bunlardan biri Şəkidə “Dağ dibi”ndə Əfsər kişinin oğlu Orxan və onun arvadıdır. Orxan Azərbaycanda “KamAZ” sürücüsü olub. Hədiyyə onlardan da o biri insanlar kimi pul alaraq eyni saxtakarlıqla Tuluzaya gətirib. Hazırda Orxanın da arvadı erməni adı ilə yaşayır. Azərbaycanlı Hacıbala da eyni marşrut, eyni ssenari ilə bura gəlib".

R.Namazov məktubunda yazır ki, Hədiyyə Bahadır qızını çox adam Şəkidə işgüzar, xeyirxah və insanlara kömək əli uzadan bir adam kimi tanıyır.

Qarşı tərəfin və yazıda adları hallanan hər bir kəsin mövqeyini çap etməyə hazırıq. Məsələ ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanlarının rəyini almağa çalışacağıq.

(Yazı musavat.com saytından götürülüb)

 

 

OXŞAR XƏBƏRLƏR