Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan vətəndaşlarının Türkiyə ərazisində naməlum silahlı şəxslər tərəfindən girov götürülməsi və sonradan azad edilməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılan xəbərlərə aydınlıq gətirib.
H.Hacıyev bildirib ki, Azərbaycanın Türkiyədəki səfirliyi və Qarsdakı baş konsulluğu Türkiyə hüquq mühafizə orqanları ilə birlikdə bu xəbəri aydınlaşdırıb. Əldə edilən məlumata görə, hadisə İğdır və Qars arasındakı Kağızman rayonu ərazisində baş verib.
Azərbaycan vətəndaşları da daxil olmaqla avtobusdakı sərnişinlərdən ölən və ya xəsarət alan olmayıb. Hazırda həmin avtobusda nə qədər Azərbaycan vətəndaşının olması məsələsi araşdırılır. Azərbaycanın diplomatik missiyası bu məsələ ilə əlaqədar Türkiyənin hüquq mühafizə orqanları ilə əlaqə saxlamaqda davam edir.
Hadisənin iştirakçısı olan vətəndaşlarımız konsulluq məsələləri ilə əlaqədar Azərbaycanın Qarsdakı baş konsulluğunda yaradılmış “qaynar xətt” ilə əlaqə saxlaya bilərlər: 009005380383870 və 00904742231361.