Dövlət Sərhəd Xidmətinin 2016-cı ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.
DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev müşavirədə hesabat məruzəsi ilə çıxış edib. DSX rəisi hərbi hissə və struktur qurumların xidməti fəaliyyətini qiymətləndirib, 2017-ci ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.
2016-cı ildə Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan, 1 əcnəbi vətəndaş, məxfi əməkdaşlığa cəlb olunmuş 4 Azərbaycan vətəndaşı müəyyən edilib. Həmçinin xaricdə münaqişə zonalarında döyüşmüş 8 Azərbaycan vətəndaşı saxlanılıb, qanunsuz miqrasiya ilə məşğul olan 6 qrup, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
Habelə sərhəd rejimini pozduqlarına görə 13 min 248 nəfər, axtarışda olan 4590 nəfər, dövlət sərhədini pozduqlarına görə 503 nəfər saxlanılıb. Hesabat dövründə 49 milyon 319 min manat dəyərində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, buda 2015-ci il ilə müqayisədə 8,3 dəfə çoxdur.
2015-ci il ilə müqayisədə 7,2 dəfə çox narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb (2015-ci ildə 165 kq 185 qram narkotik vasitə tutulduğu halda, 2016-cı ildə bu göstərici 1 ton 189 kq 997,7 qram olmuşdur).
Qeyd olunub ki, Azərbaycan Sərhəd Mühafizəsi üçün 2016-cı il döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat və texniki yolla mühafizəsinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olub. Belə ki, DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkanları gücləndirilib, 3 ədəd yeni gəmi dəniz kampaniyasına qəbul olunub. Oktyabr ayında genişmiqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçirilib, Azərbaycanın dəniz təlimləri tarixində ilk dəfə olaraq gəmi silahlarının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunub, şəxsi heyət tərəfindən böyük döyüş məharəti nümayiş etdirilib. Dövlət sərhədindən buraxılış məntəqələrində xidməti fəaliyyət ən yüksək tələblər səviyyəsində təşkil olunub, xüsusən də yay aylarında ölkəmizə böyük turist axını zamanı əcnəbilərin ölkəyə gəlmə və ölkədən getmə prosesləri daha təkmil səviyyədə tənzimlənib. O cümlədən Dövlət Sərhəd Xidmətinin təşəbbüsü ilə 2016-cı ilin mart ayında Bakı şəhərində Azərbaycan-Rusiya-İran sərhəd qurumları rəhbərlərinin üçtərəfli görüşü keçirilib.