Rusiya və İsveçdə keçirilən son seçkilər zamanı dörd azərbaycanlı deputat seçilib. Bunların ikisi Rusiyada, ikisi isə İsveçdə qanunverici orqanda təmsil olunacaq.
AZXEBER.COM yeni seçilən və indiyə qədər müxtəlif dövlətlərin qanunverici orqanlarında təmsil olunan həmyerlilərimizlə bağlı araşdırma aparıb.
Rusiya Federasiyasının tərkibindəki Saxa Respublikasında yaşayan soydaşımız Əliş Zabid oğlu Məmmədov 9 sentyabrda keçirilən seçkilərdə böyük fərqlə qalib gələrək, üçüncü dəfə Saxa Dövlət Məclisinin - İl Tümen-in üzvü seçilib.
Əliş Məmmədov 10 fevral 1958-ci ildə Şəki rayonunun Oraban kəndində doğulub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu (indiki Memarlıq və İnşaat Universitetinin) bitirib. "YakutPromStoyMaterial" şirkətində əmək fəaliyyətinə başlayıb. Keçmiş Sovet Ordusunda hərbi xidmətdən sonra yenidən Saxaya dönən Ə.Məmmədov, tikinti sektorunda müxtəlif vəzifələrdə çalışıb. 1989-cu ildən isə "YakutSement"in baş direktorudur.
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindən deputat seçilən Elşən Həmzəyev 1972-ci ildə Astarada anadan olub. Sankt-Peterburq Dövlət Telekommunkasiya İnstitutunu bitirib, daha sonra isə ikinci təhsil alaraq hüquqşünas ixtisasına yiyələnib. 25 ildir Rusiyada yaşayan həmyerlimiz 1999-cu ildən tikinti və əmlak məsələləri ilə məşğul olan "Savalan” şirkətlər qrupunun rəhbəridir.
Azərbaycan əsilli Aylin Fəzilian Sosial Demokrat partiyasının namizədi olaraq Riqsdaqa deputat seçilib. Onun bacısı, Mərkəz Partiyanın namizədi Aydan Kərimli isə yaşadığı Västra Götaland əyalət şurasına üzv seçilib.
Xatırladaq ki, ilk dəfədir azərbaycanlı qadın Avropa ölkəsində millət vəkili seçilir. Aylin Fazelianın 26 yaşı var. O, 14 yaşından Sosial-Demokrat Partiyasının fəalıdır. 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 4 il ərzində partiyanın Qadınlar Təşkilatının İdarə Heyətinin ən gənc üzvü olub. Partiyanın qadınlar üzrə beynəlxalq təmsilçisidir.

Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım İstanbul Texniki Universiteti Mexanika Fakültəsini gəmiqayırma və mexanika mühəndisi ixtisası ilə bitirib. Türkiyə Gəmi Sanayesi A.Ş. baş müdirlüyü və Yönətim Kurulu Başkanlığı, Dəniz Nəqliyyat T.A.Ş. baş müdir danışmanlığı, XX Dönəm İğdır, XXI çağırış İstanbul millət vəkili olub.
Kiyev şəhər Dumasının üzvü Rəna Nəzərova Kiyev dövlət telekanalının əməkdaşıdır. Uzun müddətdir bu sahədə çalışır. Həmin kanalın "Kievski forum” proqramının baş redaktoru vəzifəsində çalışır. Dörd ildən artıqdır Kiyev şəhər Dumasına keçirilən seçkilərdə deputat seçilib. Namizədliyi Vitali Kliçkonun lideri olduğu "UDAR" blokundan irəli sürülüb.
Azər Niftiyev,
AZXEBER.COM