AZXEBER.COM-un müsahibi tanınmış psixoloq, "Səlis Danışıq Nitq və Psixologiya Mərkəzi”nin rəhbəri Xavər Abdullayevadır.
- Rəhbəri olduğunuz mərkəz haqqında məlumat verərdiniz...
- "Səlis Danışıq Nitq və Psixologiya Mərkəzi” 16 ildir ki, fəaliyyət göstərir. Bura müxtəlif diaqnozlu uşaqlar müraciət edirlər. Bu vaxta qədər bizim mərkəzdə minlərlə müxtəlif nitq qüsurlu, psixoloji travma alan, autizm və daun sindromlu, əqli cəhətdən geri qalmış uşaqlara dəstək göstərilib. Mərkəzimizdə yeni aparatlar var "Abeleton”, "Tomatis” "Forbain" aparatları var ki, hazırda uşaqların inkişafı üçün istifadə olunur.
- Bildiyimizə görə xaricdən azyaşlı uşaqların valideynləri də sizin mərkəzə müraciət edib. Bununla bağlı nə deyə bilərsiniz?
- Bəli, son zamanlarda İngiltərədən, Almaniyadan, Ukraynadan, Rusiyadan mərkəzimizə müraciətlər var. Əsasən yay tətili zamanı onlar bura gəlirlər. Bir il öncədən bura gəlmək üçün bizimlə əlaqə saxlayır. Yay tətili zamanı bizim reabilitasiyalardan keçirlər və çox gözəl nəticələr alırlar. Öz ölkələrində ala bilmədiyi nəticələri gəlib bizim ölkədə alırlar.
- Hazırda bir çox valideynlərin ən çox şikayətləndiyi problemlərdən biri uşaqlarda gec yerimə və gec danışma ilə bağlıdır.
- Deyirlər ki, qohum evlilikləri problemlər yaradır. Bu uşaqların nitqinə necə təsir göstərir?
- Qohum evlilikləri nəinki nitqdə, həmçinin digər fiziki problemlər də yaradır.
- Uşaqlarda nitq qüsuru hansı səbəbdən yaranır?
-Uşaqlarda nitq qüsuru daha çox televiziya və telefonlara görədir. Çünki hazırda uşaqların marağı yalnız "Youtube” və oyunlaradır. "Youtube” çıxandan sonra uşaqların nitq bacarıqları zəifləyib. Yəni, uşaqlar 2-3 yaşında artıq nitqləri formalaşan zaman yalnız cizgi filmlərinə baxırlar. Valideynlər öz övladları ilə canlı ünsiyyətdə olmur ki, bu da uşaqların nitq qüsuru yaşamasına səbəb olur. Çünki uşaqlar ancaq monitorlara və telefonlara baxırlar və bunlar nitqə mənfi təsir göstərir. Uşaqlara cizgi filminə və telefona baxmaq üçün limit qoyulmalıdır. Bu limit 15-20 dəqiqə ərzində müəəyyənləşə bilər. Valideynlər uşaqları məktəbəqədər müəssələrə göndərsələr, uşaqları öz yaşıdları ilə oynamağa cəlb etsələr, bağçalara müraciət etsələr, uşaqların da nitq bacarıqları formalaşacaq, amma çox əfsuslar olsun ki, valideynlər öz rahatlıqları üçün uşaqlara "Youtube” və telefonla cizgi filmlərinə saatlarla baxmağa icazə verirlər. Buna ona görə edirlər ki, uşaqlar ağlamasın, sakit olsunlar və valideynlər özləri öz işlərini rahat görsün, amma anlamırlar ki, bu etdikləri uşaqların nitqinə birbaşa mənfi təsir göstərir. Uşaqların əksəriyyəti əcnəbi dildə cizgi filminə baxırlar və buna görə də çox vaxt danışılanlardan xəbərsiz olurlar. Valideynlər özləri çox vaxt xarici dildə cizgi filmləri qoyurlar ki, uşaqlar baxıb dil öyrənsin, amma bu yolla dil öyrənmək mümkün deyil. Əksinə uşaqlar belə olan halda qavrayışsız olurlar.
- Nitq qüsuru olan şəxslər neçə yaşına qədər müraciət edə bilərlər?
- Nitq qüsuru olan uşaqlar 2-3 yaşından müraciət edirlər. Bizdə 3, 5, 8, 11 yaşında da nitq qüsuru olan uşaqlar müalicə alırlar. Baxır nitq qüsuru hansı səviyyədədir. Nitq ləngiməsi adətən 2 yaşdan etibarən başlayır. Kəkələyən uşaqlar daha çox bu problemi 3-4 yaşlarında yaşayırlar. Autizm sindromlu uşaqlar 2 yaşından bu müalicələrə cəlb olunur.
- Valideyn uşağın nitqindəki problemi necə anlaya bilər?
- Uşağın yaşıdları ilə müqayisədə onun nitqindəki problemi anlamaq mümkündür. Başqa uşaqlarla müqayisədə görmək olar ki, məsələn, başqa bir yaşıd uşaq bir neçə söz deyərkən nitq qüsuru olan uşaq heç bir söz demir və ya uşaqlardan digəri cümlə qurarkən digəri qurmursa, bu artıq nitq qüsurunun olmasından xəbər verir. O anda valideyn mütləq mütəxəssisə müraciət etməlidir.
- Siz reklamdan və TV-lərdən uzaqsız. Buna səbəb nədir?
- Mənim vaxtım yoxdur. Vaxtım olmur ki, televiziyalara gedim, verilişlərdə iştirak edim. Pullu mükafatları ümumiyyətlə qəbul etmirəm.
Ayşən Mirzəyeva