“Xədicə İsmayıl ermənilərin sifarişini yerinə yetirib”
Akif Nağı: “Əgər həqiqətən bu hadisə təsdiqini taparsa...”
“Siyasi statusundan, mövqeyindən asılı olmayaraq, erməniləri mədh etmək, onlarla birgə aksiya keçirmək vətənə xəyanətdir və buna görə, heç kimə bəraət düşmür”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı söyləyib. Xatırladaq ki, ATƏT-in Varşavada təşkil olunan tədbirində “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl hüquq müdafiəçisi Əhməd Şahidovun çıxışı zamanı erməni həmkarlarını onu baykot etməyə çağıraraq, ermənilərlə birgə azərbaycanlı hüquq müdafiəçisinə arxa çevirib. QAT sədri Akif Nağı bildirdi ki, ermənilərlə heç bir əməkdaşlıqdan söhbət gedə bilməz: “Erməni sənin torpaqlarını işğal edibsə, vətəndaşlarını qaçqın və məcburi köçkün həyatı yaşamağa təhrik edibsə, Xocalıda misli görünməmiş vəhşiliyə imza atıbsa, sən hansı haqla onunla əməkdaşlıqdan danışa bilərsən.
Bəziləri iddia edir ki, guya belə bir hadisə olmayıb. Əgər həqiqətən bu hadisə təsdiqini taparsa, Xədicə İsmayıl ifşa olunmalıdır. O, bu hərəkəti ilə ermənilərin sifarişini yerinə yetirib”.
Günel Şükürova,
AZXEBER.COM