Məşhur həkimlər Uğur Şahin və Prof. Dr. Özlem Türeci cütlüyü "dövrün vəbası" olaraq xarakterizə edilən xərçənglə bağlı araşdırmalarında son vəziyyətdən danışıblar.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, müxtəlif xərçəng növlərini, xüsusən də bağırsaq xərçəngi və melanomanı hədəf alan müalicələr üzərində işləyən cütlük xərçəngə qarşı peyvəndlərin 2030-cu ildən əvvəl hazır ola biləcəyini söyləyib.
BBC-yə açıqlama verən Prof. Dr. Özlem Türeci BioNTech-in Covid-19 peyvəndinin altında yatan mRNA texnologiyasının xərçəng hüceyrələrinə hücum etmək üçün təkrar istifadə edilə biləcəyini açıqlayıb. mRNA texnologiyasına əsaslanan xərçəng vaksinlərinin xəstələrdə nə vaxt istifadəyə hazır ola biləcəyi ilə bağlı sualı cavablandıran Prof. Dr. Uğur Şahin bildirib ki, xərçəngə qarşı peyvəndlər "2030-cu ildən əvvəl" hazır ola bilər.
BioNTech-in baş tibb işçisi Türeci Covid-19-a qarşı istifadə edilən eyni yanaşmanın immunitet sistemini xərçəng hüceyrələrini axtarmağa və məhv etməyə hazırlamaq üçün tətbiq oluna biləcəyini bildirib. Türecinin sözlərinə görə, xərçəng peyvəndi virusları müəyyən edən kodu daşımaq əvəzinə xərçəng antigenləri üçün genetik təlimatlar ehtiva edir.
Digər tərəfdən, BioNTech pandemiya başlamazdan əvvəl mRNA xərçəngi vaksinləri üzərində işləyirdi, lakin şirkət qlobal fövqəladə vəziyyət qarşısında Covid-19 peyvəndi istehsal etmək üçün işləmək məcburiyyətində qalıb. Hazırda BioNTech-də klinik sınaqlarda olan bir çox xərçəng peyvəndi var.
Bağırsaq xərçəngi, melanoma və digər xərçəng növlərinə qarşı peyvəndlər inkişaf etdirməyi hədəflədiklərini ifadə edən Şahin və Türeci də onların qarşısındakı mühüm maneələr olduğunu dilə gətiriblər. Cütlüyün fikrincə, şişlər meydana gətirən xərçəng hüceyrələri çox müxtəlif zülallara malik ola bilər. Bu, sağlam toxumaları deyil, bütün xərçəng hüceyrələrini hədəf alan bir peyvəndin hazırlanmasını olduqca çətinləşdirir.
Mikayıl