Bu gün Topaz Premyer Liqasında XVII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək tur Lənkəranda başlayacaq.Azarkeşlərin ilk oyun günündə izləyəcəyi yeganə qarşılaşma “Xəzər Lənkəran” və “Neftçi” arasında olacaq. Prinsipial rəqiblərin növbəti dueli ərəfəsində komandalar yenə qonşu pillələrdə qərarlaşıb.Son 2 mövsümdə ilk 2 pilləni tutan rəqiblər bu dəfə zirvədən nisbətən uzaqdadır. 5-ci olan “Neftçi” hələ də potensial liderdir. Bakılılar yalnız uduzacağı halda, itirilən xallara görə “İnter”lə bərabərləşəcək. Qalib gələcəyi halda isə ən azı 1 günlük “dördhakimiyyətli”lik yaşanacaq. Bu halda “Neftçi” yalnız 4-cü olacaq, “Qarabağ” isə zirvədə qalacaq. Əslində, “ağ-qaralar” mövsümdə ilk dəfə heç-heçə edərsə belə, 4-cü pilləyə yüksələ bilər.Lakin qonaqların xal qazanması “Xəzər Lənkəran”ın planlarına daxil deyil. Cənublular ilk dövrədə uduzduğu rəqibini udmalıdır ki, ona çatsın. Əks halda Karles Martorellin yetirmələri turnir cədvəlində 1 pillə də geriləyə bilər.Növbəti turda “Qarabağ”la çətin oyunu olacaq lənkəranlılar qış fasiləsinə zirvədən çox uzaqda yollanmamaq üçün hər 2 matçda maksimum nəticə göstərməlidir. Bunun üçün ilk addım isə “Neftçi” ilə görüşdə atılmalıdır.14 dekabr (cümə)16:00. “Xəzər Lənkəran” – “Neftçi”Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Rza Məmmədov, Ramiz MəhərrəmovLənkəran şəhər mərkəzi stadionu