Xəzərin çirkləndirilməsi ilə bağlı dəhşətli FAKTLAR: Kanalizasiya suları belə axıdılır - VİDEO

Xəzərin çirkləndirilməsi ilə bağlı dəhşətli FAKTLAR: Kanalizasiya suları belə axıdılır - VİDEO
SOSİAL
15:14 21.08.2023
628
İqlim dəyişikliklərinin təsirindən Xəzər dənizinin hövzəsinin 9-18 metr aşağı düşməsi ilə yanaşı dənizin çirklilik səviyyəsi də günü-gündən artmaqda davam edir. Alman alimlərinin iki il əvvəl açıqladığı proqnozlara görə, iqlim dəyişikliyi səbəbindən qlobal dəniz səviyyəsi daim yüksəlir, lakin Xəzər dənizinin ətrafındakı ölkələr əks problemlə - suyun səviyyəsinin aşağı düşməsi ilə üzləşirlər.

Söhbət ən yaxşı halda Xəzər dənizində 9 metr azalmadan gedir. Ən pis halda isə, suyun səviyyəsi 18 metr aşağı düşəcək ki, bu da Xəzər dənizinin üçdə bir hissəsinin yoxa çıxmasına səbəb olacaq.

Xəzər dənizinə antropogen təsirlərin müəyyən edilməsi və dəniz suyunun çirklilik səviyyəsinin öyrənilməsi məqsədilə ilə mütamadi yoxlanışlar həyata keçirilsə də, ictimaiyyətə təqdim edilən nəticələrlə real vəziyyət arasında ciddi fərqlər var. Xüsusən də, dənizin çirkli olması yay aylarında çimərliyə üz tutan vətəndaşların bəzilərində dəri xəstəliklərinin yaranmasına səbəb olur. 

AZXEBER.COM-a göndərilən bu görüntülər Xəzərin necə çirkləndirildiyinin bariz göstəricisidir. Bakı bulvarında çəkilən kadrlardan kanalizasiya borusundan çıxan suyun dənizə axıdıldığı aydın görünür.  
 

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan AMEA-nın müxbir üzvü, ekoloq İslam Mustafayev bildirib ki, kanalizasiya sularının idarə edilməsi və təmizlənməsi sahəsində ölkəmizdə durum acınacaqlıdır: 

"Müəyyən olunub ki, Bakı şəhərinin yarısında  kanalizasiya sistemi var. Qalan suların hamısı yeraltı quyulara axıdılır. Bakının ətrafında, bir çox Abşeron  kəndlərində isə kanalizasiya yoxdur. Kanalizasiya olan yerlərdə də kanalizasiya suyu müntəzəm olaraq Abşeronun göllərinə və Xəzər dənizinə axıdılır. Xəzər dənizinə əsasən onun sahilində yerləşən  obyektlərdən, restoranlardan, istirahət yerlərindən çirkab sular axıdılır”.
 


Ekoloqun sözlərinə görə, bu sular sənaye və məişət kanalizasiyaları sularından ibarətdir:

"Bunların hamısı Xəzər dənizinin flora və faunasına təbii ki, öz mənfi təsirin göstərir. Dənizə atılan plastik tullantılar günəşin, dalğaların və bakteriyaların təsiri ilə mikro-plastiklərə parçalanır. Nəticədə suda yaşayan canlı orqanizmlər–balıqlar, molyusklar, planktonlar bu mikro-plastikləri qəbul edirlər və onların orqanizmində fəsadlar yaranır. Bu balıqlar insanlar tərəfindən qəbul edildikdə, insanların sağlamlığında müxtəlif fəsadlara səbəb olur. Doğrudur, Hövsan Aerasiya Stansiyasında Bakı şəhərindən gedən sular təmizlənərək axıdılır. Ancaq bir çox hallarda Hövsan-Türkan zonasında suyun üzərinə qalxan çirkablar onu göstərir ki, təmizlənməyən hissələr də olur. Bu çirkab sular əsasən  obyektlərdən, xüsusən "Nabran” istirahət mərkəzindən axıdılan sulardır. Bu da əhalinin normal şəkildə dənizdən istifadəsinə maneə olur”.

İslam Mustafayev qeyd edib ki, kanalizasiya suları invertarlaşmalıdır:

"Onun mənbələri tapılıb aradan qaldırılmalı, buna yol verən müəssələrin, sahibkarların qarşısı alınmalıdır. Sahibkarlar biraz da pul xərcləyib, təmizləyici qurğular quraşdırmalıdırlar. Bu sahədə müəyyən işlər görülür, ancaq işlərin gücləndirilməsi vacibdir”. 

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR