Füzuli İsgəndərovun qətli ilə bağlı məhkəmədə qohumlar üz-üzə gəldiMərhumun qızı: “Bibim şeytandır, yazıq anamı o şərləyib, əlində videolar var”
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Xalidə İsgəndərovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Əfqan Hacıyev sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin vəkilləri məhkəməyə ərizə ilə müraciət edərək bildiriblər ki, ötən məhkəmə iclasından sonra təqsirləndirilən şəxsin qızı Əmanə İsgəndərova və Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi attaşesi olan qardaşı İlyas İbrahimov ölümlə təhdid edilib və Xalidə İsgəndərovanın əleyhinə ifadə vermək təklif olunub.
Hakim bildirib ki, bu hadisə məhkəmədən kənarda olduğu üçün bununla bağlı bir şey edə bilməzlər. O, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görüb.
Prosesdə Xalidə İsgəndərovanın qızı Bülbül İsgəndərova ifadəsini davam etdirib. O, məhkəməyə ərizə təqdim edib. Ərizəsində keçən proses verdiyi ifadəni bibisinin təzyiqi altında verdiyini və atasının anası tərəfindən öldürülmədiyini deyib: “Bibim atam öləndən sonra məni təzyiq edirdi. Əlində mağazadan oğurluq etdiyimlə bağlı videogörüntülər vardı. Onla məni şantaj edirdi ki, səni də tutduracağam. Məni məcbur edirdi ki, anamın əleyhinə ifadə verim. Axı anam atamı öldürməyib. Bibim təzyiq edirdi ki, məni vərəsəlikdən çıxartdıracaq, bacımı da tutduracaq. Mən qorxurdum. 8 ay ərzində anamın əleyhinə ifadə verməmişdim. Təzyiq oldu verdim. Dedi ki, atanın bütün mülki sənə qalacaq. Bibim şeytandır, yazıq anamı o şərləyib. Əlində videoları bəhanə edir”.
Hakim Əfqan Hacıyev ona deyib ki, məhkəmə oyun-oyuncaq deyil: “Yalan ifadə verməyə görə məsuliyyətə cəlb edilə bilərsən. Sən gündə gəlib bir söz danışırsan burda. Bibingildə qalanda onların xeyrinə, bu yana keçəndə bu cür danışırsan”.
Bülbül İsgəndərova bildirib ki, indi danışdıqları həqiqəti əks etdirir: “İstəyirəm hər şeyi düz danışam. Anam tutulandan sonra müstəntiq tərəfindən də təzyiqlər olub. Bilirəm ki, qatil anam deyil. Bibimlə münasibətlər pisiydi. Hər zaman anamın axırına çıxmaq istəyirdi. Dünən axşam evdə mənə təzyiq göstərdi ki, sabah Xalidənin işini bitiririk. Mənə anam və bacım lazımdır. Mən indi heç nədən qorxmuram. Anam və bacımın yanında qalacam. Sizdən xahiş edirəm, mənim pal-paltarımı, əşyalarımı bibimgildən götürüb mənə verəsiniz. Bilirəm ki, o, verməyəcək. Atama məxsus ev vardı, onu da satıb, dalına keçib”.
Prosesdə şahid qismində İradə Baxışova ifadə verib. O, ifadəsində ölən Füzuli İsgəndərovun yaxın sirdaşı, dostu olduğunu deyib: “Biz tez-tez görüşürdük. Şəhərdə gəzişirdik. Bütün sirlərini mənə deyirdi. Arvadının nə qədər şeytan adam olduğunu, qızları olmasa, bir dəqiqə belə onunla evli qalmayacağını deyirdi. Bacısı Cəmilənin də ona pul borclu olduğunu və qaytarmadığından gileylənirdi. Mən Füzulinin Qarayevdəki evində olmuşam. Füzuli toylarda, mərasimlərdə mənə paltar alırdı”.
İradə Baxışovadan sonra şahid qismində Füzuli Ələkbərovanın bacısı Cəmilə Süleymanova ifadə verib. O, ifadəsində qardaşının öldürüldüyü gündən danışıb: “Ümumiyyətlə demək lazımdır ki, qardaşım bu arvadla heç zaman yola getmirdi. Bunun sakit durmağına baxmayın, bilirsiniz nədir?! Qardaşımı bu öldürüb. Heç zaman qardaşıma layiq qadın olmayıb. Çox aqressiv adamdı. Dəfələrlə qardaşımı ölümlə təhdid edib. Məni də bir neçə dəfə döyüb. Yaşda bundan böyük olsam da, hər zaman ondan qorxmuşam. 2003-2012-ci illərdə qonşu olmuşuq. Hər gün məni təhdid edib, onun əlindən qaçmışam. Hadisə olan günü Əmanə oğlum Orxana zəng edib, atasının vurulduğunu dedi. Ora çatanda qardaşımın yerdə uzandığını, xirtdəyinin kəsildiyini gördüm. Özümdən getdim. Tez xəstəxanaya apardıq. Həkim orda bildirdi ki, artıq bir neçə saatdır Füzuli keçinib”.
C. Süleymanova Bülbüllə olan münasibətdən də söz açıb: “Bülbül atasının ölümündən bir neçə ay sonra zəng edib, məni mağazaya çağırdı. Getdim ki, oğurluq etdiyi üçün tutublar. Orda pulu verdim. Dedim, atanın ruhuna ayıb deyilmi? Qanı qalıb yerdə. Video görüntünü mağazadan aldım ki, sonra sübut edim, deməsinlər bibisi öyrədib. Orda Bülbül dedi ki, atamı anam öldürüb. Mən ona heç zaman təzyiq eləmişəm. Heç kim qəbul eləmirdi. Yazığım gəldi ki, qardaşımın balasıdır, ortada qalmasın. Evimdə saxladım. Pulunu parasını verirdim. Mən ona heç vaxt təzyiq eləmişəm. Ərim də Füzulinin yanında tikinti işləri görürdü. Bəzi obyektlər bizim adımıza olsa da, onun idi. Füzuli əvvəllər bəzi pulları mənə verirdi, sonra gəlib alırdı. Sonra pulun hamısını banka qoydu” deyə C.Süleymanova ifadəsində bildirib.
Qeyd edək ki, qətl hadisəsi 2014-cü il sentyabrın 1-də Xətai rayonunda baş verib. 1964-cü il təvəllüdlü Füzuli İsgəndərov evin həyətindəki qarajda qətlə yetirilib. Qatil ev sahibinə 19 bıçaq zərbəsi vurduqdan sonra onun boğazını kəsib. Hadisə baş verən gün evdə F.İsgəndərovun həyat yoldaşı Xalidə İsgəndərova olub.
İlkin dindirilmə zamanı X.İsgəndərova cinayətkarın ona hücum elədiyini və boğmağa çalışdığını bildirib. İstintaqın gəldiyi nəticəyə görə isə F.İsgəndərov elə öz həyat yoldaşı tərəfindən qətlə yetirilb. Bakı Şəhər Prokurorluğu və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisənin mərhumun həyat yoldaşı Xalidə İsgəndərova tərəfindən törədildiyi məlum olub. Hadisədən 8 ay sonra Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb. X.İsgəndərova istintaq zamanı ona elan olunmuş ittihamlarla razılaşmayıb, qətldə əli olmadığını deyib. Məhkəmədə isə ifadə verməkdən imtina edib. Qətlə yetirilən Füzuli İsgəndərov uzun illər Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində işləyib. Mərhum F.İsgəndərov sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu olub.
///bizimyol