Xırdalana 3 yeni giriş açılır: dairədə sıxlıq azalacaq? – RƏSMİ

Xırdalana 3 yeni giriş açılır: dairədə sıxlıq azalacaq? – RƏSMİ
SOSİAL
20:56 14.05.2026
187
Xırdalan dairəsindəki nəqliyyat sıxlığının aradan qaldırılması üçün müxtəlif layihələr nəzərdən keçirilsə də, hazırda həmin ərazidə yeni yolötürücüsünün tikintisi planlaşdırılmır.

AZXEBER.COM xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev "Xəzər TV”yə müsahibəsində deyib.

Müstəqil ekspertlərin 20 Yanvar istiqamətindən gələn avtomobillərin birbaşa Xırdalana daxil olması üçün yolötürücü tikilməsi təklifinə münasibət bildirən Anar Rzayev qeyd edib ki, məsələ müxtəlif variantlarla təhlil olunub.

Onun sözlərinə görə, Dövlət Proqramı çərçivəsində Xırdalan şəhərinə M4 magistralından üç alternativ girişin yaradılması nəzərdə tutulub.
"Bakı-Şamaxı yolu istiqamətindən yeni bağlantılar vasitəsilə şəhərə giriş təmin ediləcək və bu da Bakı-Sumqayıt yoluna, xüsusilə Xırdalan dairəsinə düşən yükü əhəmiyyətli dərəcədə azaldacaq”, – Anar Rzayev qeyd edib.

AYNA sədri hesab edir ki, alternativ girişlər istifadəyə verildikdən sonra dairədəki nəqliyyat axını ciddi şəkildə azalacaq. Bu səbəbdən hazırkı mərhələdə problemin həlli üçün əlavə zolağın yaradılması daha optimal variant sayılır.

Anar Rzayev bildirib ki, aparılan simulyasiyalar da məhz bu həllin vəsait baxımından daha səmərəli olduğunu göstərir.

O əlavə edib ki, gələcəkdə, xüsusilə 2035-ci ildən sonra, həmin ərazidə əlavə yolötürücüsünə ehtiyac yarana bilər.

AYNA sədri onu da vurğulayıb ki, Xırdalan dairəsinə yaxın ərazidə, Dövlət Yol Polisi postunun yerləşdiyi istiqamətdə yeni iri yolötürücüsünün tikintisi planlaşdırılır. Bu layihə vasitəsilə nəqliyyat axınının böyük hissəsi Bakı-Şamaxı yoluna yönləndiriləcək.
OXŞAR XƏBƏRLƏR