Axtarışlar nəticəsində məktəbdə və yaxınlığında partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib.
Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 2 saylı orta məktəbdə partlayıcı qurğu yerləşdirilməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
AZXEBER.COM FHN-nin saytına istinadən xəbər verir ki, axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə nazirliyin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıb. Dərhal vətəndaşlar təhlükəli hesab edilən ərazidən uzaqlaşdırılıb, FHN mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə məktəbdə (sinif otaqlarında, xidməti otaqlarda, zalda, dəhlizlərdə, zirzəmidə, çardaqda, elektrik və yanğın əleyhinə lövhələrdə, pilləkən qəfəslərində və s.) axtarış işləri aparıblar. Axtarışlar nəticəsində məktəbdə və yaxınlığında partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib.