AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, layihələrdən biri Xırdalandan Şamaxı istiqamətində yol ötrücüsünün inşası, digəri isə mübadilə mərkəzinin yaradılmasıdır.
Yerüstü Nəqliyyat Agentliyindən ''Xəzər Xəbər''ə verilən məlumata görə, Xırdalandan Şamaxı istiqamətində yol ötürücüsü inşa ediləcək ki, bu da həmin istiqamətdə hərəkət edən nəqliyyat vasitələri üçün alternativ marşrut yaradacaq. Yəni həmin sürücülər Xırdalan dairəsinə daxil olmadan hərəkət edə biləcəklər. Layihə 2025-2030-cu illəri əhatə edən dövlət proqramında da var.
Digər bir layihə isə Xırdalan dəmiryolu stansiyasının ətrafındakı nəqliyyat axınının yenidən təşkilidir. Stansiyanın qarşısında yaradılacaq nəqliyyat mübadilə mərkəzi müxtəlif nəqliyyat növlərinin bir nöqtədə əlaqələndirilməsinə imkan verəcək. Yəni dəmiryolu nəqliyyatı ilə digər ictimai nəqliyyat bir nöqtədə birləşəcək.
Nəqliyyat mübadilə mərkəzinin yaradılması dəmiryolu stansiyasına gediş-gəlişi asanlaşdırmaqla yanaşı, ictimai nəqliyyatın əhatə dairəsini də genişləndirəcək.
Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, şəhərin müxtəlif istiqamətlərindən stansiyaya gələn sərnişinlər üçün daha rahat və sistemli nəqliyyat əlaqəsi formalaşacaq.
Qeyd edək ki, burada əsas gözlənti Xırdalandan Bakı istiqamətində ictimai nəqliyyata əlçatanlığı təmin etməklə, Bakı-Sumqayıt yolunda nisbətən də olsa yükü azaltmağa hesablanıb.











































