BAFTA - Britaniya film və televiziya sənəti akademiyasının kinoteatrı. “Xoca” filminin növbəti nümayişinin ünvanı Londonun məhz bu məşhur kino mərkəzi idi. Xocalı faciəsinin 21-ci ildönümü ərəfəsində kino mərkəzində təşkil olunan mərasimə üz tutanlar arasında yerli ictimaiyyət nümayəndələri, Azərbaycan və Türk diasporasının təmsilçiləri, o cümlədən Türkiyə və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları da olub. Tədbiri açılış nitqilə Milli Qəhrəman Çingiz Mustafayevin oğlu Fuad Mustafayev açıb. Böyük Britaniyada təhsilini davam etdirən Fuad “Xoca” filminin nümayişinə gələn tamaşaçılara Xocalı faciəsi haqqında qısa məlumat verib. O, bu faciənin dünyada təbliği üçün “Xoca” filminin əhəmiyyətini xüsusi vurğulayıb.“Əmim Vahid Mustafayev “Xoca” filmini çəkməklə, bu faciə haqqında bir çoxlarımızın bilmədiyi həqiqəti insanlara çatdırmağa çalışıb. Bu film faciənin şahidlərinin söylədikləri faktlar əsasında çəkilib. Mənim atam Xocalı faciəsinin sonunu öz kamerasına həkk edib. Əmim isə bu faciənin başlanğıcını filmdə hekayə şəklində göstərib”, - deyə Fuad Mustafayev bildirib.Tədbirdə iştirak edən Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin I katibi Vüsal Abdullayev “Xoca” filmini faciənin dünya ictimaiyyətinə çatdırılması üçün vacib vasitə adlandırıb. “Xoca” filmi təkcə faciənin ildönümündə yox, il boyu Böyük Britaniyanın bir sıra şəhərlərində nümayiş olunmalıdır. Bu təkliflə isə tədbirin baş tutmasına dəstək olan Londondakı Azərbaycan Tələbələr Təşkilatının rəhbəri Fərhad Əliyev çıxış edib. Çıxışlardan sonra film tamaşaçıların ixtiyarına verilib.