Xocalı: Dağıdılmış şəhərin və sarsıdılmış insanlığın tarixi

Xocalı: Dağıdılmış şəhərin və sarsıdılmış insanlığın tarixi
SİYASƏT
11:44 25.02.2026
187
1992-ci il fevralın 26-sı Azərbaycan tarixinin ən faciəli və unudulmaz səhifələrindən biri kimi yaddaşlara həkk olunub. Qarlı və şaxtalı bir gecədə Xocalı şəhəri amansız hücuma məruz qaldı. Dinc, əliyalın insanlar – qadınlar, uşaqlar, qocalar – xüsusi qəddarlıqla qətlə yetirildi. Bu hadisə yalnız bir şəhərə qarşı törədilmiş cinayət deyildi; bu, insanlığa qarşı yönəlmiş ağır və dəhşətli bir faciə idi.

Rəsmi məlumatlara görə, Xocalı soyqırımı nəticəsində 613 nəfər həyatını itirib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl insan idi. Yüzlərlə ailə dağıldı, uşaqlar valideynlərini, valideynlər isə övladlarını itirdi. Bu faciə xalqımızın yaddaşında silinməz iz buraxdı.

İşğal təkcə insan həyatını deyil, şəhərin maddi-mədəni irsini də məhv etdi. Xocalıda 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış evi, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və tarix-diyarşünaslıq muzeyi dağıdıldı. XIV–XV əsrlərə aid türbələr, günbəzlər və qədim məzarlar yerlə-yeksan edildi, qəbiristanlıq vandallığa məruz qaldı.

Xocalı şəhəri işğal nəticəsində sözün əsl mənasında xarabalığa çevrildi. Lakin dağıdılmış şəhərlərlə yanaşı, xalqımızın yaddaşı, milli kimliyi və ədalətə olan inamı məhv olmadı. Bu faciənin unudulmaması, gələcək nəsillərə çatdırılması və tarixi həqiqətlərin dünya ictimaiyyətinə düzgün təqdim olunması hər birimizin mənəvi borcudur.
 
Aygül Cəbrayılova
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Göygöl rayonu üzrə baş mütəxəssisi
OXŞAR XƏBƏRLƏR