"Xocalı kimi faciələrdən dərs çıxarmalı, düşmənlərimizə yerini göstərməliyik ki, bir daha belə hadisələr təkrarlanmasın”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli deyib.
O bildirib ki, Azərbaycan xalqının tarixində Xocalı böyük bir faciə kimi yadda qaldı:
"Azərbaycan xalqının tarixində Xocalı böyük bir faciə kimi yadda qaldı. Çünki son əsrlərdə bizim böyük dövlətlərimiz zəiflədi və dağıldı, onların yerində daha kiçik dövlətlər yarandı, Çar Rusiyası və Sovet Rusiyası kimi düşmənlərimiz isə gücləndi. Azərbaycanımızın cənubunda dövlətçiliyimiz süqut etdi. XIX və XX əsrlərdə güclü dövlətlərin hegemonluğu dövrü davam etdi. Belə bir şəraitdə düşmən qüvvələr, o cümlədən böyük dövlətlərin təsiri altında olan qruplar və xüsusilə ermənilər bu vəziyyətdən istifadə edərək bizə qarşı Səlib yürüşü həyata keçirdilər”.
Türkoloq qeyd edib ki, bizə qarşı nifrət və düşmənçilik ideyaları müxtəlif xarici qüvvələr tərəfindən sistemli şəkildə təbliğ olunurdu:
"Onların şüuruna yanlış fikir aşılandı ki, guya azərbaycanlılar bu torpaqların yerli sakinləri deyillər və buradan köçürülməlidirlər. Etnik təmizləmə siyasətinin arxasında az bildiyimiz və ya tam dərk etmədiyimiz çoxsaylı siyasi və ideoloji amillər dayanırdı. Son əsrlərdə bizə qarşı nifrət və düşmənçilik ideyaları müxtəlif xarici qüvvələr tərəfindən sistemli şəkildə təbliğ olunurdu. Bunun nəticəsində fürsət düşən kimi, xüsusilə XIX əsrin sonu və XX əsrin əvvəllərində, Şərqi Anadoluda, Cənubi Azərbaycanda və Azərbaycan Respublikasında azərbaycanlılara qarşı ağır cinayətlər törədildi”.
F.Ələkbərli söyləyib ki, daha güclü Azərbaycan dövləti qurmaq üçün çalışmalıyıq:
"Xocalı faciəsinin bir daha təkrarlanmaması üçün biz güclənməliyik. Xocalı kimi faciələrdən dərs çıxarmalı, düşmənlərimizə yerini göstərməliyik. Güclü Azərbaycan qurmaq və Türk Dövlətləri Təşkilatı kimi birliklər çərçivəsində daha sıx əməkdaşlıq etmək vacibdir”.
Şahanə Ziyad








































