1992-ci il fevralın 25-dən 26-a keçən gecə törədilən Xocalı faciəsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilib. Müraciət Avropa Məhkəməsinə İzmirdə fəaliyyət göstərən Azərbaycan Türkləri və Dost Dərnəklər Federasyonu tərəfindən təqdim edilib.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Türkləri və Dost Dərnəklər Federasyonu tərəfindən beynəlxalq məhkəməyə göndərilən ittihamnamədə XX əsrdə Xocalıda törədilmiş erməni vəhşiliyinin, vandalizminin səbəbkarlarının, günahkarlarının əməllərinə ədalətli qiymət vermək tələb olunur.
Azərbaycan Türkləri və Dost Dərnəklər Federasyonunun rəhbəri İsa Ambarcı bununla bağlı AZXEBER.COM-a bildirdi ki, 2 il davam edən çalışmalarımız nəticəsində Xocalıda törədilən faciə ilə bağlı bir xeyli orijinal sənədlər topladıq: “Biz bu 2 ildə beynəlxalq səviyyədə müxtəlif təşkilat və şəxslərdən Xocalı faciəsinin qurbanları haqqında ətraflı məlumatlat toplusu əldə etdik. Bundan sonra böyük bir heyətdə cəlb etdiyimiz vəkillər qrupu tərəfindən bu işin ittihamnaməsi hazırlandı. Sonra təşkilatımız tərəfindən Avropa İnsan Haqları Məhkəməsinə müraciət göndərildi.
Biz Ermənistan dövləti tərəfindən Xocalıda yaşayan dinc sakinlərə qarşı törədilən qırğınların, öldürülən günahsız insanların qanının yerdə qalmaması üçün Avropa İnsan Haqları Məhkəməsindən ədalətli qərar çıxarılmasını tələb etmişik. XX əsrin sonlarında dövlətinizin və xalqınızın yaşadığı Qarabağ müharibəsi təkcə qardaş və dost ölkəmiz olan Azərbaycan dövlətinin problemi deyil, eyni zamanda, Türkiyənin də problemidir. Türkiyə dövləti Azərbaycan xalqının haqlı davasında hər zaman onun yanında olub və olacaq da”.
Mətanət Əliyeva