Xoşbəxtlik nədir? - Məryəm Abdullazadə yazır...

MARAQLI
15:17 24.03.2024
369


Xoşbəxtlik ötəri məfhumdur. Adətən, həyatından məmnun olan, əlindəkilərlə belə şükür etməyi bacaran insanların sahib olduqları hissə deyilir. Elmi-psixoloji cəhətdən desək, müsbət düşüncələrin mənfi düşüncələri üstələməsi, pozitivliyin neqativliyə qalib gəlməsidir. Əlbəttə, kiçik hadisələrdən xoşbəxt olmaq "bütövlükdə xoşbəxtlik" anlamına gəlməz. İlk cümləmdə vurğuladığım kimi o, "ötəri məfhum"dur. Bu hissin həyatının anlamına çevrilməsi üçün öncəliklə bir məqsəd qoymalı və onun uğrunda çalışmalısan. İnsan xoşbəxtliyi uzaqlarda axtarmazdan əvvəl onu yanında yetişdirməyə başlamalıdır. Necə ki, C.Oppenheym deyir: "Nadan xoşbəxtliyi uzaqlarda axtarır, müdrik isə onu öz yanında yetişdirir".  Tam da demək istədiyim budur. Başqasının bədbəxtliyinə baxıb özünü xoşbəxt hesab etmək isə ayrıca müzakirə mövzusudur. 

Xoşbəxtliyin nə olması barədə dəqiq fikirlər olmasa da, məşhur filosof və alimlərin kəlamları az da olsa, "Xoşbəxt olmaq üçün nə etməliyəm?" sualı haqqında düşüncələrin formalaşmasına kömək edir. Albert Eynşteynin deyiminə görə, əgər xoşbəxt olmaq istəyirsənsə, bir məqsədə bağlanmalısan, əşya və ya insana yox. Çünki insandan da, əşyadan da gələn xoşbəxtlik yox olmaq qabiliyyətinə malikdir. Amma qarşına qoyduğun məqsədi əzm və səbirlə həyata keçirməyi bacarsan, o, bir ömür səninlə olacaq. Məqsədin uğrunda çalışıb onu əldə edə bilsən, əmin ol ki, xoşbəxtliyi özünə cəzb etməyə başlayacaqsan. 
Əziz oxucu, gəl, dönüb, həyata tutunmaq üçün heç bir səbəb tapmayan, daima mənfi düşüncələri həyat tərzinə çevirən insanların ətrafına baxaq. Onlar bu həyatda cismən mövcuddurlar, ruhən onsuz da məhv olublar. Çünki heç bir düşüncə, fikir onların həyata bağlanmasına kömək edə bilmir. Ona görə ki, onlar, bəlkə də vaxtı zamanında boş həyat keçirib, "üçgünlük dünya" prinsipi ilə yaşayıblar. Halbuki bu, belə deyil. Gələcək xoşbəxtliyi, firavanlığı təmin etmək üçün bu gün başlamalısan hər şeyə. Zəhmət çəkərək, cəsarətli olaraq xoşbəxtliyin dirçəlməsinə zəmin yarada, öz həyatında xoş bəxtliliyi təmin edə bilərsən. 

Onore de Balzakın fikrincə, xoşbəxt olmağın yolu cəsarət və zəhmətdən keçir. Kimisi ailəsi ilə olmağı, dostları ilə vaxt keçirməyi özünə xoş bəxtlilik sayır.  Amma başa düşmək lazımdır ki, bu xoşbəxtlik özü ilə xoşluq gətirsə də, həddindən artıq bağlılıq da gətirir. Əziz oxucum, unutma ki, səni yalnız sən xoşbəxt edə bilərsən. Sənin özünə qarşı yaratdığın xoşbəxt həyat çərçivəsini heç kimin qırmağına izin vermə. Bu çərçivəni elə sərhədə al ki, bəd bəxtlililər xoş bəxtliliyini əlindən ala bilməsin. 

"Bəxt üzüyü" filmini, yəqin ki, çoxunuz izləmisiniz. Filmdə Valeh Kərimovun canlandırdığı baş qəhrəman, "Moşu" xarakteri ha yazır, ha pozur, di gəl ki, xoşbəxtliyin nə olduğunu misralara tökə bilmir. Ona görə ki, bu, yalnız düşünməklə əmələ gələn hiss və duyğu deyil. Onun uğrunda addım atmalı və beynində fikirlər formalaşdırmalısan. Filmin sonunda fərqinə varırıq ki, xoşbəxtlik haqqında baş qəhrəmanda heç bir fikir formalaşa bilmədi. Əksinə, əllərində olan xoşbəxtlikləri belə qanadlanıb əllərindən bir göz qırpımında uçdu. Başqa bir misalla "La migliore Offerta" filminin baş qəhrəmanı Oldmanın həyatından nümunə çəkə bilərik. Filmdən anladığım qədər Oldman, nəhayət ki, həyatında var olmasını zəruri saydığı qadını tapdığını düşünürdü.  Lakin o, duyğularına məğlub olaraq səhv addım atdı. Varlı iş adamı Oldman ömründə bədbəxtlik saydığı bir çatışmazlığı doldurmaq istəyərkən başqalarının həsəd apardığı xoşbəxt həyat tərzindən də məhrum olur. Atalarımız demişkən, "Əli aşından da olur, Vəli aşından da". Xülasə, əziz oxucu, xoşbəxtliyi xəyal edib o xəyalda gəzinmək yox, həqiqətən, əmin olaraq real səbəblərlə, yaşantılarınla onu yaratmalısan. 

Məryəm Abdullazadə-BDU, Jurnalistika fakültəsinin tələbəsi

OXŞAR XƏBƏRLƏR