"Sovet dövründə məktəbli forması olmadan məktəbə getməmişik. Getsək belə, məktəbə buraxılmamışıq və valideynlərimiz məktəbə çağırılıb. Önlüksüz məktəbə getdiyim üçün dərsə buraxılmamışdım və atamı məktəbə çağırmışdılar. Həmin vaxt formada getmək məktəbə hörmət idi”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı TV1 kanalında çıxışı zamanı bildirib.
O deyib ki, şagirdlər məktəbin qaydalarına əməl etməyə borcludurlar:
"Əgər bu gün məktəbə vahid formada getmək barədə qərar verilibsə, bu, məktəbin, məktəblilərin və təhsilin xeyrinədir. Bu mövzunu fərqli şəkildə müzakirə predmetinə çevirmək düzgün deyil. Məktəblilər məktəbin qaydalarına əməl etməyə borcludurlar. Həmin uşaqlar sabah həddi-buluğ yaşına çatanda onların geyiminə heç kəs qarışmayacaq. Azərbaycanda heç kəsə hicab taxmaq qadağan edilməyib. Bizim ailədə hicab taxan üzvlər var. Onlara heç kəs "Niyə hicab taxırsan?” demir, çünki onlar qərar vermək yaşındadırlar”.
Aparıcı vurğulayıb ki, valideynlər övladlarına vahid geyim formasına hörmətlə yanaşmağı başa salmalıdırlar:
"Məktəblərin qarşısında baş verən hadisələrə çox üzülürəm. Bu qərar kiminsə geyiminə və dini etiqadına qadağa deyil. Sadəcə, məktəblərdə vahid geyim formasının tətbiqidir. Əgər şagirdlər böyüyəndən sonra onların geyiminə kimsə qarışsa, bu, müzakirə obyekti ola bilər. Valideynlər övladlarının təhsili üçün çalışmalı və onlara vahid geyim formasına hörmətlə yanaşmağı başa salmalıdırlar. Övladlarımın oxuduğu məktəbdə həftənin bir günü sərbəst geyim qaydası var idi. Mən valideyn olaraq buna etirazımı bildirdim. Artıq həmin məktəbdə dərs olan bütün günlər məktəbli forması geyinilir. Uşaqlar vətəndaş olaraq qaydalara əməl etməyi bir növ məktəbdə öyrənirlər”.
"Vahid geyim forması ilə bağlı qərarı müzakirə etmək düzgün deyil. Təhsildə hansısa problem varsa, o müzakirə olunmalıdır. Dövlət vahid geyim formasını ona görə tətbiq edir ki, uşaqlar başqalarına bənzəməyə çalışmasınlar. Biz azad və müstəqil ölkədə yaşayırıq. Ölkəmizi və bayrağımızı qorumalıyıq”,-deyə jurnalist qeyd edib.
Şahanə Ziyad











































